AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Fanat.Az xəbər verir ki, bu gün keçirilən iclasda I Divizionun V turundakı qayda pozuntuları müzakirə olunub:
“Qəbələ-2” – “Zirə-2” oyununda “Zirə-2” komandasının nümayəndəsi oyunöncəsi iclasa 15 dəqiqə gecikdiyi üçün “Zirə” klubu 80 manat cərimə olunur. Polis nümayəndəsi 15 dəqiqə gecikdiyi üçün “Qəbələ” klubu 40 manat cərimə olunur.
“Neftçi-2” – “Zaqatala” oyununda top daşıyan uşaqlar oyun zamanı topla hərəkət etdiyi üçün “Neftçi” klubu 80 manat cərimə olunur.
MOİK – “Kəpəz-2” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur. “Kəpəz” klubunun futbolçusu Mahir Həsənov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
“Kəpəz” klubunun məşqçisi Orxan Verdiyev hakimlərə qarşı təhqiredici sözlər işlətdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır, klub 400 manat cərimə olunur.
“Səbail-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının futbolçusu Ruslan Bayramov rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Oyunda top və xərək daşıyan şəxslər komandaların soyunub-geyinmə otaqlarının yanında gəzdiyi, tuneldən istifadə edərək Zona-1 tələblərini pozduğu üçün “Səbail” klubu 80 manat cərimə olunur.
Hakimlər otağında 3 məşqçinin oturmasına, yalnız hakimlərin gəlişindən sonra çıxmasına görə hakimlər otağının təmizlənməsini bir neçə dəqiqə gözlədiyi üçün "Səbail" klubu 80 manat cərimə olunur.