Sabah UEFA Avropa Liqasının G qrupunun III turu çərçivəsində təmsilçimiz "Qarabağ" səfərdə Yunanıstanın "Olimpiakos" klubunun qonağı olacaq.
"Qarabağ"ın və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimov Fanat.Az-a açıqlamasında "köhlən atlar"ın səfər oyunu barədə fikirlərini bölüşüb:
"Rəqib komandaya yeni çalışdırıcı rəhbərlik edir. Mən əvvəlki açıqlamalarımda da qeyd etmişdim ki, məşqçi dəyişikliyinin iki cür effekti olur. Bu, komanda üçün həm yaxşı nəticələnə bilər, həm də pis.
Bizim üçün üstün tərəfləri odur ki, çalışdırıcı yeni futbolçularla, xüsusilə yeni transfer olunmuş oyunçularla işləməlidir. Kimin necə oynaya biləcəyini müəyyənləşdirməlidir. Məncə, Miçel öz oyun üslubunu qısa zamanda tam olaraq futbolçulara aşılaya bilməyəcək. Bütün bunlar zaman tələb edir. Komandanı formalaşdırana qədər eksperimental heyət görə bilərik.
Digər tərəfdən, bütün oyunçular əsas heyət üzvü olmaq və məşqçinin etibarını qazanmaq üçün əllərindən gələni etməyə çalışacaq. Rəqib komandanın hər bir üzvü maksimum nəticə ilə yadda qalmaq istəyəcək.
"Olimpiakos"un bəzi futbolçularının müxtəlif səbəblərdən oynaya bilməməsi də "Qarabağ"a əlavə üstünlük qazandırır. Bunu pozitiv tərəfə yönləndirib oyunu qalib kimi başa vura bilərik.
"Nant"la oyundan öncə müsahibə verəndə "Qarabağ"ın qalib gələcəyinə bir az tərəddüdlə yanaşırdımsa, "Olimpiakos"la qarşılaşmada Ağdam təmsilçisinin şanslarını daha yüksək qiymətləndirirəm. Səfər qarşılaşmalarında "Qarabağ"ın oyunları daha rahat keçir. Düzdür, doğma tribunalardakı azarkeş dəstəyi olmur, amma rəqib meydanında futbolçularımız öz bacarıqlarını maksimum ortaya qoya bilir.
Futboldur, hər şey ola bilər. Son olaraq düşünürəm ki, sabahkı rəqabətdə üstün tərəf "Qarabağ"dır. Potensial baxımından bunu rahat deyə bilərəm. Maksim Medvedev və Kevin Medinanın olmamasına baxmayaraq, onları əvəz edən futbolçular da etimadı doğrultdular. Hücum xəttində olan futbolçularımız isə hər zaman rəqibin müdafiəsini yarmağa qadirdir".
Emin Şəmsiyev