Bu gün Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə dünya çempionatı start götürəcək.
Fanat.Az xəbər verir ki, mundialın ilk yarış günündə Azərbaycanın iki təmsilçisi tatami üzərinə çıxacaq.
Kişilərin 60 kiloqram çəki dərəcəsində yer alan dünya və Avropa çempionatlarının bürünc mükafatçısı Kəramət Hüseynov mübarizəyə 1/16 finaldan qoşulacaq. 24 yaşlı idmançı bu mərhələdə Olimpiya Oyunlarının ikiqat medalçısı, dünya çempionu Yeldos Smetovla (Qazaxıstan) üz-üzə gələcək.
Qadınların 48 kiloqram çəki dərəcəsindəki Leyla Əliyeva isə ilk görüşünü 1/16 finalda ispaniyalı Xuliya Fiqeroaya qarşı keçirəcək.
Görüşlər Bakı vaxtı ilə saat 9:30-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatında 11 cüdoçu ilə təmsil olunur. Yarış oktyabrın 13-dək davam edəcək.