Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, mundialın ikinci günündə Azərbaycanın daha üç cüdoçusu tatami üzərinə çıxıb.
Kişilərin 66 kiloqram çəki dərəcəsində yer alan Orxan Səfərov mübarizəyə 1/16 finaldan qoşulub. 31 yaşlı Avropa çempionu və dünya çempionatlarının ikiqat mükafatçısı bu mərhələdə Freddi Vayzeneggeri (İsveçrə) yenib. Lakin o, ardınca ukraynalı son Avropa çempionu Boqdan Yadova uduzaraq mübarizəni dayandırıb.
Eyni çəkidəki Yaşar Nəcəfov təsnifatda Beynəlxalq Cüdo Federasiyasının qaçqınlar komandasında yer alan Miad Nosratiya qalib gəlsə də, ərdınca İspaniya cüdoçusu ilə bacarmayıb.
Qadınların 52 kiloqram çəki dərəcəsindəki Gültac Məmmədəliyeva isə startdaca isveçrəli Binta Ndiayeyə yenilərək yarışla vidalaşıb.
Qeyd edək ki, ilk yarış günündə mübarizə aparan təmsilçilərimiz Kəramət Hüseynov (60 kq) və Leyla Əliyeva (48 kq) da çıxışlarını medalsız başa vurublar.
82 ölkədən 571 idmançının qatıldığı mundiala oktyabrın 13-də yekun vurulacaq. Qarşıdakı günlərdə Azərbaycanın daha 6 cüdoçusu qüvvəsini sınayacaq.