Bu gün futbol üzrə Misli Premyer Liqasının IX turu çərçivəsində "Zirə" öz meydanında "Şamaxı"nı qəbul edib. Meydan sahiblərinin minimal üstünlüyü ilə (1:0) nəticələnən oyundan sonra "Zirə"nin çalışdırıcısı Rəşad Sadıqov ənənəvi mətbuat konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, o, mətbuat önündə bunları deyib:
"Çox çətin oyun alındı. Futbolçulara demişdik ki, rəqib son pillədə ola bilər, amma çox əzmkardırlar və bunu nəzərə almalıyıq.
Komandada böyük istək gördüm. İlk hissə çox ağır keçdi. Bir neçə qol vəziyyəti yaratdıq. Sadəcə, yararlana bilmədik. Fasilədən sonra oyun sürətləndi. Standart vəziyyətdən fərqləndik. Çox vacib qələbə qazandıq. Futbolçularımı təbrik edirəm. Bu gün meydanda görmək istədiyim komanda idi. 90 dəqiqə dinamik futbol oynadıq. Bu, məni sevindirir.
Sadıqov Təmkin Xəlilzadə və İlkin Muradovun əsas komandaya qaytarılmasına da münasibət bildirib:
"Bəzi problemləri detallı şəkildə ictimaiyyətə çatdırmaq olmur. Əsas səbəb istədiyim qədər istəkli olmasıdır. Üzr istəməyiblər. Mən xoşlamıram ki, nə özüm üzr istəyim, nə də kimsə məndən. Bəli, bilmədən nəsə edəndə ola bilər. Həvəslə məşq etmələri, son oyunda intizamlı şəkildə oynamalarından sonra özümü məcbur bildim ki, əsas komandaya qaytarım. Bizim üçün çox vacib oyunçulardır. Onları itirmək istəməzdim. İndi də özümü borclu bildim ki, onları komandaya qaytarım. İnanıram ki, bu proses onlar üçün faydalı olacaq.
Azərbaycan millisinin sabiq kapitanı Qara Qarayevin milli komandaya çağırılmamasına da münasibət buldirib:
"Qara elə futbolçudur ki, "özləri bilər" deyə bilməzsən. Ən çox da bunun "Nant"la oyundan sonra olmasına görə təəccübləndim. Həmin matça ən yaxşılardan idi. Siyahıda olmamasına təəccübləndim, mənə ağır gəldi. Son illər Azərbaycan futbolunda 4-5 futbolçu var ki, uzun müddət stabil futbol oynayır. Belə oyunçuların kənar qalması ağırdır".