"Qarabağ"ın Avropa Liqasının qrupunda rəqibi olan "Olimpiakos" yeni müdafiəçi transferinə hazırlaşır.
Fanat.Az xəbər verir ki, sabah Bakıda Ağdam təmsilçisi ilə qarşılaşacaq Pirey təmsilçisi tezliklə braziliyalı stopper Luizao ilə danışıqlara başlayacaq.
Braziliya mətbuatının iddiasına görə, yanvarda "San Paulo" ilə müqaviləsinin müddəti bitəcək 20 yaşlı müdafiəçi Avropada oynamağa qərar verib. Futbolçunun adı keçən yayın sonlarında "Fulhem", "Benfika" və "Porto" ilə hallansa da, sonda futbolçu öz ölkəsində qaldı. Ancaq gənc futbolçu bu mövsüm mövqeyində bir neçə təcrübəli müdafiəçinin olması səbəbindən kifayət qədər oynamır. Bu üzdən Luizao "San Paulo" ilə müqaviləni yeniləməkdən imtina edib.
Qeyd edək ki, oktyabrın 13-ü keçiriləcək "Qarabağ" - "Olimpiakos" görüşü saat 20:45-də başlayacaq.
Mirağa