“Qarabağ”ın futbolçusu Ramil Şeydayev Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakıda “Olimpiakos”a qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, 26 yaşlı hücumçu bütün azarkeşləri tribunada gözlədiklərini bildirib:
"Nəticənin bizim xeyrimizə olacağına ümid edirəm. Rəqib revanş almaq istəyir. Bu səbəbdən çətin olacaq. Bu görüşə ilk qarşılaşmadan daha ciddi və məsuliyyətli yanaşırıq".
Şeydayev “Olimpiakos”a vurduğun qoldan sonra çılğın formadakı sevincini də şərh edib: “Bunun səbəbi tribunalarda məhz yunan azarkeşlərin olması deyildi. Sadəcə, sevindim. Deməzdim ki, emosiya partlayışı idi. Bilərəkdən etməmişdim. Adi qol sevincim idi”.
Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.