“Bakı Metropoliteni” QSC Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ın “Olimpiakos”a qarşı keçirəcəyi oyunla əlaqədar “Gənclik” stansiyasında iş rejimində dəyişikliklər edəcək.
Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, stansiyanın yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matça tamaşaçı marağı nəzərə alınaraq, sərnişinlərin təhlükəsiz və rahat daşınması üçün bir sıra tədbirlər görüləcək.
Əməliyyat planına uyğun olaraq, bu arenada təşkil edilən kütləvi tədbirlərlə əlaqədar stansiyada oyun ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Nəzarət mexanizmləri gücləndirilməklə, stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq və növbətçilik cədvəli hazırlanacaq.
Ehtiyat tədbirlər “Nəriman Nərimanov” və “28 May” stansiyalarında da görüləcək. Zərurət yaranacağı təqdirdə, hazır vəziyyətdə saxlanılacaq ehtiyat qatarlar xəttə buraxılacaq.