Ötən gün UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində "Qarabağ" öz meydanında Yunanıstanın "Olimpiakos" klubunu qəbul edib. Oyun qolsuz bərabərliklə başa çatıb.
Fanat.Az xəbər verir ki, Yunanıstan mətbuatı "Olimpiakos"un çalışdırıcısı Miçel Qonsalesi praqmatik oyun üslubuna görə tənqid edib.
"Sport24.gr" saytının redaktoru Pantelis Diamantopulos bu barədə belə yazıb:
"Olimpiakos" yenə qalib gəlmədi. Lakin o, bir xal qazandı və eyni zamanda "Nant" evdə "Frayburq"a uduzdu. Bu isə o deməkdir ki, Avropa tarixi hələ də davam edir. Buna baxmayaraq, çatışmazlıqlar yenə də var.
Miçel uduzmaq istəmirdi və o, buna nail oldu. Bəs sonra? UEFA Avropa Liqasının komanda üçün vacib mərhələsində ölkə çempionatının PAOK-la prinsipial görüşünü nəzərə alıb ehtiyatlı oynamaq nə dərəcədə düzgün idi? Uduzmaq riski ilə üzləşib hücumda rəqibə baş ağrısı olmaq daha uyğun seçim olardı.
Başa düşürəm ki, Azərbaycanda nəticədən razı qaldılar, amma söhbət "Olimpiakos"dan gedir. Həmişə qarşısına yüksək hədəflər qoymalıdır. Ona təhlükə yaratmayan taktika ilə oynayaraq qrupda ilk xalını aldığına sevinməməlidir. Yenə də deyirəm, 1 xala sevinib bizi güldürməyin.
Etiraf etməliyik ki, "Karaiskakis"də "Qarabağ" bizi şoka salmışdı. Evdəki 0:3 hesablı məğlubiyyət "Qarabağ"ı dünənki matçın aşkar favoriti edirdi. Azərbaycanlılar özlərini itirmirdilər və soyuqqanlı görünürdülər. Miçelin komandası sıx müdafiə olundu və sona qədər dayandı. Burada əhsən. Amma fikrimcə, komandada heç kim 20 dəqiqəlik hücum barədə düşünmürdü. Əminəm ki, bu məşqçinin göstərişi idi.
PAOK-a qarşı matç son hədd olacaq. Mən "Olimpiakos"un baş məşqçisinin işini bəyənmirəm. "Qarabağ"a qarşı ardıcıl iki oyuna qələbə qazanmamağı başa düşmək olar. Amma PAOK-a qarşı ehtiyyatlı oyunu və məğlubiyyəti iki yeşik qazlı su ilə də həzm edə bilmərik".
Emin