"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Bakıda Yunanıstan "Olimpiakos"u ilə qolsuz heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçından sonra "CBC Sport"a danışıb.
Fanat.Az xəbər verir ki, 25 yaşlı müdafiəçi güclü rəqibə qarşı mübarizə apardıqlarını bildirib: "Qol vurub qələbə qazanmağa çalışdıq. Təəssüflər olsun ki, alınmadı. Buna baxmayaraq, bir xal da pis nəticə deyil.
Bu komandanı ötən tur səfərdə 3:0 hesabı ilə məğlub etsək də, potensialına bələd idik. Müdafiədən oynayacaqlarını bilirdik".
"Qarabağ"ın müdafiə xəttindəki rəqabətə də toxunan futbolçu bunun komanda üçün faydalı olduğunu vurğulayıb: "Baş məşqçimiz hər şeyi bilir. Kim uyğundursa, o da oynayacaq. Rəqabətli ortamda həm biz, həm də komanda inkişaf edəcək".