Misli Premyer Liqasının son turunda baş tutan "Qarabağ" - "Sumqayıt" qarşılaşmasının (3:1) 15-ci dəqiqəsində baş verən epizoda referi Əliyar Ağayevin münasibəti müzakirə mövzusuna çevrildi. Belə ki, ağdamlıların yarımmüdafiəçisi Filip Ozobiç "kimyaçılar"ın forvardı Almir Aqanspahiçə qarşı uğursuz sürüşmə fəndi tətbiq edərək rəqibini "biçdi". Hadisəni 8-10 metrlik məsafədən izləyən Ağayev isə Azərbaycan millisinin xorvat futbolçusuna sarı vərəqə göstərməyi uyğun saydı.
AFFA Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədovla əlaqə saxlayıb hakimin qərarına münasibət öyrəndik. Onun Fanat.Az-a verdiyi açıqlama belə oldu:
"Mənə qalsa, Əliyar o epizodda qırmızı vərəqə verməliydi. Niyə "qırmızı" yox, "sarı" verdiyinə gəlincə, referi bunu Ozobiçin qəddarlıq etmədiyi ilə əsaslandıra bilər. Yəni Filipin məqsədinin rəqibə qarşı kobudluq etmək, ona xəsarət yetirmək olmadığını nəzərə alması mümkündür. Ancaq bütün hallarda, təmas var idi və elə epizodlarda "qırmızı" daha uyğun qərar olar".
Nihat