Misli Premyer Liqasında 11-ci turu 4 futbolçu buraxacaq.
Fanat.Az-ın məlumatına görə, "Qəbələ", "Zirə" və "Kəpəz" meydana itkilərlə çıxacaq.
"Zirə" Coşqun Diniyevin xidmətindən məhrumdur. O, "Sabah"la matçda ikinci xəbərdarlıqdan sonra meydandan kənarlaşdırılıb. AFFA-nın İntizam Komitəsinin sabah keçiriləcək iclasında təcrübəli yarımmüdafiəçinin 1 oyunluq cəzası elan olunacaq.
"Kəpəz" "Qəbələ" ilə şənbə günü baş tutacaq görüşə Zamiq Əliyevsiz çıxacaq. "Neftçi"ylə matçda "təcavüzkar davranış"a görə birbaşa qırmızı vərəqə alan gənc futbolçunun azı 2 oyunluq cəzalanacağı gözlənilir.
"Kəpəz"in rəqibi "Qəbələ"nin də itkiləri var. "Qarabağ"la 9-cu turda Qəbələdəki qarşılaşmada ciddi qayda pozuntusu edib komandasını azlıqda qoyan və İK tərəfindən 2 oyunluq diskvalifikasiya olunan İlkin Qırtımov gəncəlilərlə matçda da "qırmızı-qaralar"a kömək edə bilməyəcək. Bundan başqa, komandanın digər üzvü Feras Abu Akal da sözügedən matçda forma geyinməyəcək. Belə ki, israilli yarımmüdafiəçi "Şamaxı" ilə oyunda sarı vərəqə alıb ki, bu onun mövsüm ərzində 4-cü xəbərdarlığıdır.
Mirağa