Bu gün tanınmış jurnalist və televiziya aparıcısı Elnur Əşrəfoğlunun anım günüdür.
Ötən il sentyabrın əvvəllərində koronavirusa yoluxan E.Əşrəfoğlu əvvəlcə ev şəraitində müalicə almış, daha sonra “Yeni Klinika”ya köçürülərək süni tənəffüs aparatına qoşulmuşdu. Həkimlərin uzun sürən səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmamışdı.
Əslən Zəngilan rayonundan olan Elnur Əşrəfoğlu 19 iyun 1974-cü il tarixində anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirib.
1992-ci ildə "525-ci qəzet"də jurnalist kimi əmək fəaliyyətinə başlayıb.
E.Əşrəfoğlu televiziya fəaliyyətinin ilk vaxtlarında AzTV-nin “7 gün” proqramı üçün kiçik süjetlər hazırlayıb. Sonra “Səhər” proqramında idman şərhçisi kimi çalışıb.
1994-cü ildə AzTV-də müəllifi olduğu "Sport digest" əyləncəli idman televiziya verilişindən sonra məşhurluq qazanıb. Müxtəlif vaxtlarda AzTV-nin "Xəbərlər" Baş redaksiyasında böyük redaktor, “İdman proqramları” Baş redaksiyasında baş redaktor vəzifələrində çalışıb.
1995-ci ildə İsraildə müstəqil Azərbaycanın xarici ölkədən ilk futbol reportajını aparan şərhçi kimi televiziya tarixinə düşüb.
Vaxtilə Azərbaycan Televiziyasında efirə gedən “Zirvəyə doğru: Sidney-2000”, “Afina-2004”, “Pekin zəfərləri”, “Milli Olimpiya Komitəsi-10 il”, “Professor”, “9 nömrəli oyunçu”, “Böyük hokkey”,”Sehrbaz” və daha bir neçə sənədli filmin ərsəyə gəlməsində əməyi olub.
16 il AzTV-də işləyib.
2000-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü, daha sonra "Neftçi" futbol klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsində çalışıb.
2011-ci ilin oktyabr ayında "Space” TV-də İdman departamentinə rəhbər təyin olunub. 2015-ci ildə Azərbaycan Cüdo Federasiyasında baş katibin müavini təyin olunub.
Elnur Əşrəfoğlunun koronavirusa yoluxduqdan sonra vəziyyətinin ağırlaşmasına səbəb bir böyrəyinin 10 il əvvəl ağır xəstəliklə bağlı götürülməsi olub.
Evli idi, 2 azyaşlı övladı qalıb.