Badminton ən qədim oyunlardan biri hesab olunur. Bu idman növünə aid qeydlərə eramızdan əvvəl 1122-ci ilin əlyazmalarında belə rast gəlinir. Çox az adam bilir ki, badminton ən sürətli idmandır: raketin (volan da deyilir) sürəti bəzən 493 km/saata çata bilər.
Badmintonun tarixi barədə faktlar fərqli mənbələrdə müxtəlif mədəniyyətlərə təsadüf edir. Məsələn, eramızdan əvvəl Çində "ti tzian tsi" oyunu məşhur olub. Bu oyunun məqsədi, raketi mümkün qədər uzun müddət havada saxlamaq idi. O vaxt raketka olmadığından onlar bu oyunu ayaqları ilə oynayırdılar. Oxşar oyunlar Yaponiyada və Qədim Yunanıstanda da mövcud olub.
Məşhur onlayn ensiklopediya portalı "Wikipedia"da isə (rus dili bölməsində) badmintonun tarixi barədə bunlar yazılıb:
19-cu əsrdə Hindistanda xidmət edən ingilis zabitləri müasir badmintonun prototipi sayıla biləcək puna adlı qədim hind oyununa valeh olublar. Daha sonra ingilislər oyuna olan maraqlarına görə bunu vətənlərinə gətiriblər.
Britaniyada uzun müddət bu oyun aristokratların ən sevimli məşğuliyyətlərindən biri olub.
Badmintonun müasir ənənəsi İngiltərədə "Badminton Haus" malikanəsində yaranıb.
Dünya Badminton Federasiyasının (BWF) təməli 1934-cü ildə qoyulub. 1947-ci ildən bəri kişilər arasında ən böyük komanda yarışı - Tomas Kuboku keçirilir. Qadınlar arasında isə əsas yarış hesab olunan Uber Kuboku 1955-ci ildən keçirilməyə başlayıb.
Azərbaycanda badminton
Azərbaycanda sıravi vətəndaş üçün idmanın bu növü yad deyil. Bölgəmizin bütün istirahət guşələrində asudə vaxtlarına dinamika əlavə etmək istəyən müxtəlif yaş qruplu insanların badminton oynadığına rast gəlmək mümkündür. Gündəlik həyatımızda belə parklarda və ya yaşayış ərazilərinin həyətlərində əyləncə üçün badminton oynayan gəncləri görə bilərik.
Ölkəmizdə idmanın bu növü peşəkar səviyyədə də inkişaf edib. Azərbaycanda badmintonun peşəkar şəkildə yaranma tarixi 1962-ci ilə təsadüf edir. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının dosenti mərhum Nazim Əliyev badmintonun sirləri ilə tanış olmuş və Azərbaycanda bu oyunun əsasını qoymuşdur.
Ölkədə badmintonla məşğul olmaq istəyən uşaqlar və gənclər üçün kifayət qədər şərait yaradılıb. Sözsüz ki, bu, əsasən Azərbaycan Badminton Federasiyasının təşəbbüsü ilə baş verir.
Federasiya müntəzəm olaraq paytaxtda, eləcə də bölgələrimizdə uşaqlar, yeniyetmələr və gənclər arasında badminton yarışları keçirilir.
Uşaqların sağlam inkişafında badmintonun rolu
İdmanın bu növünün uşaqların sağlam formalaşmasında böyük rolu var. Elmi məqalələrə əsaslanaraq qeyd etmək lazımdır ki, badminton görmə qabiliyyətinə müsbət təsir göstərir. Çünki oyun zamanı daima gözlərinizi raketdə saxlamaq lazımdır. Bu isə göz əzələləri və iti görmə qabiliyyəti üçün əla məşqdir.
Badminton oynayarkən bədənin demək olar ki, bütün əzələləri iştirak etdiyi üçün insanda baxımlı bədən relyefi formalaşır.
Bu oyuna olan həvəs ağciyərlərin fəaliyyətinə də müsbət təsir göstərə bilər. Badminton əzələləri və sümük sıxlığını, eləcə də insanın refleksini və diqqətini gücləndirir.
Uşaqlara 3 yaşından badminton oynamağı öyrətmək olar. Bu cür məşqlər çevikliyi, hərəkətlərin koordinasiyasını, dəqiqliyi və reaksiya sürətini inkişaf etdirir. Oyun təkcə fiziki inkişaf və koordinasiyaya faydalı deyil, bu, həm də uşaq üçün əyləncəli və maraqlı açıq hava oyunudur.
Qeyd etməliyik ki, badminton arıqlamaq üçün də əla vasitədir. Bir saat badminton oynamaq sizə 500 kalori itirməyə imkan verir. Bir ay ərzində belə bir məşğuliyyət dörd kiloqrama qədər arıqlamaya gətirib çıxarda bilər.
Uşağı badmintona yazdırmaq üçün ən optimal dövr 5-8 yaş arasıdır. Bu oyun uşaqlarda fiziki və əqli inkişafı təşviq edir. Badminton uşaqlar üçün ən faydalı və təhlükəsiz idman növləri sırasındadır.
Ölkəmizin bütün regionlarında Azərbaycan Badminton Federasiyası və Gənclər və İdman Nazirliyi tərəfindən uşaqların badmintonla peşəkar səviyyədə məşğul olması üçün kifayət qədər şərait yaradıldığını bir daha xatırlatmalıyıq. Onu da qeyd etməliyik ki, bu proses olduqca səmərəli şəkildə təşkil olunub. Məsələn, Bakıda uşağı badmintona yazdırmaq üçün 20-yə yaxın məktəb fəaliyyət göstərir. Bunun üçün badminton federasiyasının rəsmi saytına daxil olmaq kifayət edir. Orada uşağın yaşayış yerinə yaxın olan məktəbi seçib onun sağlam gələcəyini təmin etmək olar.
Uşaq badmintonla məşğul olaraq idmançıya lazım olan keyfiyyətləri inkişaf etdirib, peşəkar şəkildə ölkəmizi müxtəlif turnirlərdə, mötəbər yarışlarda eləcə də olimpiadalarda təmsil edə bilər. Digər idman növlərində olduğu kimi uşağın badmintona göstərdiyi marağından asılı olaraq burada da ona gözəl gələcək vəd olunur.
Məqsədiniz peşəkar idmançı yetişdirməkdirsə, uşağınızı idman məktəbinə göndərməzdən əvvəl, övladınıza oyunun əsaslarını öyrətməyiniz tövsiyyə olunur. Hazırlıq məşqlərinə oynaq şəkildə fəaliyyətlər daxildir, bu müddət ərzində uşaq əlində raketkanı düzgün tutmağı, raketin uçuşunu izləməyi öyrənir.
Futbolda, basketbolda, tennisdə və s. idman növlərində rast gəlindiyi kimi badmintonun da müəyyən insanlar üçün tibbi baxımdan əks göstərişləri var. Badminton oynamaq ürək-damar sisteminin xroniki xəstəlikləri, ağciyər sistemi xəstəlikləri, dayaq-hərəkət sistemi xəstəlikləri olan uşaqlar üçün kontrendike hesab olunur. Odur ki, uşağınızı badmintona göndərmək qərarına gəlsəniz, pediatrınıza müraciət edin və məsləhət alın, çünki xroniki astması olan xəstələr bu idman növü ilə məşğul olduqdan sonra uzun müddət remissiyaya getdiyi halları olub.
Badminton uşağa qalib gəlmək arzusunu, hər zaman birinci olmaq istəyini erkən yaşından oyatmağa kömək edir.
Emin Şəmsiyev