İtaliyanın Sardiniya adasında şahmat üzrə gənclər arasında dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışda bu gün doqquzuncu turun görüşləri keçirilib. Turnir cədvəlində vahid lider olan Gövhər Beydullayeva ağ fiqurlarla ermənistanlı Məryəm Mkrtçyan ilə üz-üzə gəlib. Görüş 47-ci gedişdə 19 yaşlı şahmatçımızın qələbəsi ilə yekunlaşıb.
Qızların yarışındakı digər təmsilçimiz Ləman Hacıyeva isə qara fiqurlarla Qazaxıstan təmsilçisi Assel Serikbay ilə heç-heçəyə razılaşıb.
Oğlanlardan Abdulla Qədimbəyli "ağlar"la gürcü Nikolozi Kaçaravanı, Məhəmməd Muradlı "qaralar"la türkiyəli Ediz Gureli məğlubiyyətə uğradıb.
Beləliklə, xalını 8-ə çatdıran G.Beydullayeva yarış cədvəlində liderliyini qoruyub. O, ən yaxın izləyicisi Nurgül Səlimovanı (Bolqarıstan) artıq bir xal qabaqlayır. L.Hacıyeva 6,5 xalla 6-cıdır.
Qədimbəyli 7 xalla 2-ci pilləyə yüksəlib. Bir xal az toplayan Muradlı 19-cudur.
Qeyd edək ki, dünya çempionatı İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq.