Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə “Böyük Dəbilqə” turniri start götürəcək.
Fanat.Az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın beş cüdoçusu çıxış edəcək.
Kişilərin 60 kiloqram çəki dərəcəsində yer alan Balabəy Ağayev startda İtaliyalı Angelo Pantano ilə qarşılaşacaq. Eyni çəkidəki Turan Bayramov isə Bayurjan Narbayevin (Qazaxıstan) müqavimətini qırmağa çalışacaq.
Tofiq Məmmədov (66 kq) Oskar Pertelsonla (Estoniya) mübarizə aparacaq.
Qadınların mübarizəsində Leyla Əliyeva (48 kq) Rafael Batistanı (Braziliya), Gültac Məmmədəliyeva (52 kq) Tolganay Abeuovanı (Qazaxıstan) keçməyə çalışacaq.
Məmmədov mübarizəyə 1/32, digər cüdoçularımız 1/16 finaldan qoşulacaq.
Yarış Bakı vaxtı ilə saat 10:00-da başlayacaq.
Qeyd edək ki, oktyabrın 23-dək davam edəcək "Böyük Dəbilqə"yə Azərbaycan 13 (11 kişi, 2 qadın) cüdoçu ilə qatılıb.