İtaliyanın Sardiniya adasında şahmat üzrə gənclər arasında dünya çempionatı başa çatıb.
Fanat.Az xəbər verir ki, qızların yarışında Azərbaycan şahmatçısı Gövhər Beydullayeva sonuncu - XI turda qara fiqurlarla Qazaxıstan təmsilçisi Liya Kurmangaliyeva ilə üz-üzə gəlib. Matç qazaxıstanlı şahmatçının qələbəsi ilə yekunlaşıb.
Bu tur ərəfəsində 8,5 xalla çempionluğu təmin etmiş Gövhər Beydullayeva üçün matç formal xarakter daşıyıb. Onun əsas izləyicisi, digər Qazaxıstan təmsilçisi Assel Serikbey ukraynalı Yelizaveta Hrebenşikovaya qalib gəlib xallarının sayını 8,5-ə çatdırsa da, şahmatçıların öz aralarındakı oyuna görə, sıralama dəyişməyib.
Qızların yarışındakı digər Azərbaycan təmsilçisi Ləman Hacıyeva isə son turda sloveniyalı Zala Urha uduzub və çempionatı 7 xalla 10-cu sırada başa vurub.
Oğlanların yarışında da son tur oynanılıb.
Hesabat turunda Azərbaycanın iki təmsilçisi – Abdulla Qədimbəyli ilə Məhəmməd Muradlı qarşılaşıblar. Tərəflər "sülh"ə razılaşıblar.
Bu nəticədən sonra Qədimbəylinin xalı 8-ə, Muradlınınkı isə 7,5-ə çatıb.
Bu tura qədər 8 xalla lider olan macarıstanlı Adam Kozak hindistanlı Luk Laon Mendonkaya məğlub olduğu üçün əlavə əmsallara görə Abdulla Qədimbəyli dünya çempionu olub.