Misli Premyer Liqasında 2022/2023 mövsümünün 11 turu geridə qalıb. Bu isə o deməkdir ki, ölkə çempionatında ilk dövrə X turda başa çatıb.
Fanat.Az-ın apardığı müşahidəyə əsasən, bu il ötən mövsümdən fərqli olaraq ilk dövrədə futbolçulara verilən qırmızı vərəqələrin sayı demək olar ki, iki dəfə çox olub. 2021/22-ci illər mövsümündə I dövrədə cəmi 7 nəfərə "qırmızı" göstərilib. Bu il isə ilk 10 turda 13 dəfə qırmızı vərəqəyə müraciət olunub.
Sabiq FİFA referisi, AFFA Hakimlər Komitəsinin keçmiş sədri Xaqani Məmmədov saytımıza açıqlamasında bu durumu belə şərh edib:
"Əvvəla çempionatdakı komandaların sayının çoxalması buna səbəb kimi göstərilməlidir. Bundan əlavə, çempionat oyunlarındakı gərginliyin artması da bu göstəriciyə təsir edən amillərdəndir. Premyer Liqada çıxış edən komandaların əksəriyyətinin səviyyəsi bərabərdir. Üçüncü səbəb isə odur ki, hakimlər bəzən mənasız yerə qırmızı vərəqə göstərirlər. Bir neçə epizod var ki, orda qırmızı vərəqəyə ehtiyac yox idi. Hakim səhvlərinin olması da əsas faktorlardan biridir. Elə X turda Elçin Məsiyevin Coşqun Diniyevə verdiyi qırmızı vərəqəni götürək. Haklimlər Komitəsinin sədri də etiraf etdi ki, doğru qərar deyildi".
Veteran referi bu il Misli Premyer Liqasındakı hakimliyin səviyyəsindən də danışıb:
"Hazırki hakimlik zəifdir. Bunun günahı yeni gələn komitə sədrində deyil. Səbəb Azərbaycanın futbolunun hakimliyində Frits Ştuxlikin ab-havasının qalmasıdır. O, bizim hakimliyi bu günə saldı. Qışdan sonra hansısa təlim-məşq toplantısı keçiriləcəksə, onda nəyəsə ümid etmək olar. Hazırda isə hakimlik zəifdir və hər şeyi bağlayırlar VAR-a. Guya VAR bunların səhvini düzəldəcək. Bu da düzgün deyil. Hər bir qərara görə VAR-a müraciət etmək düz deyil. Bu sistemə oyun ərzində iki dəfə müraciət edərlər. O da mürəkkəb və gözlə görülməyən bir epizod olanda. Yoxsa ki, hər xırda şeyə görə qaçırlar VAR-a. Boş yerə oyun dəqiqələri də gedir. Bu, futboldur. Soyuq havada 5-6 dəqiqə gözləməlisən ki, görək hakim nə qərar verir. Oyunda temp də düşür. Futbolçuların üşüməsi də var.
Frits Ştuxlikin təsirnin altından çıxmaq üçün bizə 4 ilə qədər vaxt lazımdır. Yaxşı hakim bir ilə də düzələr. Barış hələ iki aydır işləyir. Baxıram ki, düzgün yoldadır, amma bilmirəm daxildə hansı proseslər baş verir. Buraxılan səhvlərə görə hakimləri bağışlamır ki, bu da yaxşı haldır".
Emin Şəmsiyev