Albaniyanın Dürres şəhərində yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi başa çatmaq üzrədir.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığma komandasının üzvlərindən son olaraq iki nəfər - Əli Şükürlü və Rəhman Kazımov yaşı 20-yə qədər olan idmançılar arasında 109 kq çəki dərəcəsində yarışıblar.
Rəhman Kazımov birdən qaldırma hərəkətində 141 kq-la 9-cu, təkanla qaldırma hərəkətində 190 kq-la 4-cü, toplam 331 kq (141+190) nəticə ilə yekun sıralamada 7-ci yeri tutub.
Əli Şükürlü isə birdən qaldırma hərəkətində 161 kq-ı ram edərək bu hərəkətdə bürünc medal qazanıb.
O, təkanla qaldırma hərəkətində 189 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə 6-cı pillədə qərarlaşıb.
Toplam 350 kq (161+189) nəticə göstərən atletimiz yekun sıralamada 4-cü yeri tutub.
Beləliklə, yığma komandamız Avropa birinciliyini toplam 9 medalla - 3 qızıl, 4 gümüş və 2 bürünc medal - başa vurub.