"Tribune Nantaise" "Qarabağ"ın azarkeşi Orxanla danışıb.
Fanat.Az xəbər verir ki, "Nant" klubunun tərəfdarlarının saytına açıqlama verən "İmarət"in üzvü həm Bakıdakı görüş, həm də sabahkı oyunla bağlı proqnozlarını bildirib:
"İlk oyundan əvvəl 2:2 hesablı heç-heçə olacağını proqnozlaşdırmışdım. İlk 20 dəqiqəyə “Nant” “Qarabağ”dan daha yaxşı təsir bağışlayırdı. "Frayburq"la əvvəlki oyunumuz da belə başlamışdı və ilk iki qolu buraxmışdıq. Bəxtimiz gətirdi ki, qapıçımızın iki möhtəşəm seyvi oyunun tonunu dəyişdi. "Nant" erkən qol vura bilsəydi, oyun fərqli ola bilərdi. İkinci hissədə "Qarabağ" oyunu tamamilə ələ keçirdi. “Nant”ın mərkəz müdafiəçilərinin “Qarabağ”ın hücumlarına ləng reaksiya verdiyini də müşahidə etdim və biz bundan mükəmməl istifadə etdik.
Fransadakı oyun hər iki komanda üçün həlledicidir. “Nant” Konfrans Liqasına yollanmaq üçün qalib gəlməlidir. “Qarabağ”a isə Avropa Liqasına vəsiqə qazanmaq üçün heç-heçə kifayət edir. Lakin 1-ci yer ümidini saxlamaq üçün bizə qələbə vacibdir. “Qarabağ” erkən qol buraxsa, oyun nəzarətdən çıxa bilər, ona görə də komandamızın ilk dəqiqələrdən tempi idarə edəcəyini gözləyirəm. Baş məşqçi Qurban Qurbanov riski sevən biri deyil. Düşünürəm ki, “Qarabağ” hücumda çox aktiv olmayacaq. 1:1 hesablı heç-heçə proqnozlaşdırıram. Bununla belə, “Nant”ı öz meydanında məğlub etmək çox çətin olacaq. “Qarabağ” ilk oyunda qalib gəlsə də, məncə, “Nant” çılğın tərəfdarlarının köməyi ilə istəyinə çata bilər.
"Qarabağ" tərəfində yeganə itki müdafiəçi Bədavi Hüseynovdur. Hansı ki, "Nant"a qarşı Bakıdakı matçda 90 dəqiqə oynamışdı. O, son çempionat oyununda zədələndi və 41-ci oyunda əvəzlənməli oldu. Kevin Medina artıq sağalıb. Ona görə də məşqçimizin bu oyunda Bədavini riskə atacağını düşünmürəm.
Avrokuboklarda rəqib ola bilərik, amma siz mənim timsalımda azarkeş qazandınız. Ümid edirəm ki, sizi Avropa Liqasında yox, Konfrans Liqasında dəstəkləyəcəm (gülür)”
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının qrupunda növbəti oyununu sabah səfərdə "Nant"a qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Mirağa