Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində "Qarabağ" Fransada "Nant"ın qonağı olacaq.
Fanat.Az xəbər verir ki, matç "CBC Sport" telekanalı vasitəsi ilə canlı yayımlanacaq.
Oyunun şərhçisi Pərviz Musayev saytımıza açıqlamasında qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
"Nant"a mütləq şəkildə qələbə lazımdır. Buna görə də onlar ancaq hücum etmək barədə düşünəcək. Əslində mən bunu "Qarabağ"ın xeyrinə olan məqam kimi qiymətləndirmək istəyirəm. Hücum edən komandaya qarşı "Qarabağ"ın oyunu sanki daha yaxşı alınır. Müdafiə quran komandalara qarşı "köhlən atlar"ın çətinliyi yaranır. Amma açıq hücum futbolu oynayan komandalarla mübarizədə təmsilçimiz daha yaxşı çıxış edir. "Nant"a da qələbənin hava-su kimi lazım olduğunu nəzərə alsaq, bunun "Qarabağ"a xeyri olacaq. Belə olacağı halda qol vurmaq "Qarabağ" üçün daha asan olur.
Açıq danışsaq, "Qarabağ"ın qrup lideri olacağı real görünmür. Ötən tur evdə Yunanıstan "Olimpiakos"una qalib gəlsəydik, bəli, o zaman şanslarımızı yüksək dəyərləndirmək olardı. Bunu qeyd etmək nə qədər üzücü olsa da, etiraf etməliyik ki, qruq liderliyi əldən getmiş kimi görünür. Hər halda "Frayburq" belə bir imkanı əldən verməyəcək. İkinci yerin taleyi isə öz əlimizdədir. "Qarabağ"a heç-heçə də bəs edir. Bir tərəfdən də "Nant"ın qələbəyə ehtiyac duymasını nəzərə alsaq, düşünürəm ki, komandamız bu oyunda məğlub olmayacaq.
Demirəm ki, "Qarabağ" heç-heçə üçün meydana çıxacaq. Xeyr... Onlar bərabərlik üçün oynasalar, "Əli aşından da olarıq, Vəli aşından da". Amma istənilən halda "Qarabağ" bu gün özünə sərf edən nəticəni qazanacaq. Mən buna inanıram. Dediklərim içəridən gələn azarkeşlik hissi kimi də görünə bilər, amma reallıq məsələsi də var. Ağdam təmsilçisinin hücum xəttində Kadi Borges və Abdullah Zubirin yaxşı formada olması da şərtdir. Əgər onların oyunu alınsa, aydın məsələdir ki, "Qarabağ" öz məqsədinə çatacaq. Yekunda deyirəm ki, "Qarabağ" özünə lazım olan nəticəni qazanacaq".
Qeyd edək ki, "Bojuar" stadionundakı görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək
Emin Şəmsiyev