Noyabrın 4-də Bakıda start götürəcək cüdo üzrə "Böyük Dəbilqə" turnirinə qeydiyyat prosesi başa çatıb.
Fanat.Az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, üç gün davam edəcək nüfuzlu yarışda iştirak üçün 63 ölkədən 394 idmançı qeydiyyata alınıb.
Onların arasında olimpiya, dünya və qitə çempionları var.
Azərbaycanı yarışda 37 (28 kişi, 9 qadın) cüdoçu təmsil edəcək.
Kişilərdən Kəramət Hüseynov, Balabəy Ağayev, Rövşən Əliyev, Turan Bayramov (hamısı 60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov, İsmayıl İbrahimov, Kamran Süleymanov (hamısı 66 kq), Hidayət Heydərov, Rüstəm Orucov, Telman Vəliyev, Vüsal Qələndərzadə (hamısı 73 kq), Səid Mollayi, Zelim Tçkayev, Elcan Hacıyev, Ömər Rəcəbli (hamısı 81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev, Vüqar Talıbov, İbrahim Ağakişiyev (hamısı 90 kq), Zelim Kotsoyev, Elmar Qasımov, Aslan Mirzəyev, Hüseyn Dadaşov (hamısı 100 kq), Uşanqi Kokauri, Camal Qamzatxanov, Kənan Nəsibov və Toğrul Salmanov (hamısı +100 kq) mübarizə aparacaq.
Qadınlardan isə Leyla Əliyeva, Aişə Qurbanlı, Ramilə Əliyeva (hamısı 48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Aytac Qardaşxanlı, Nərgiz Hacıyeva (hər ikisi 63 kq), Südabə Ağayeva və Günel Həsənli (hər ikisi 70 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, Bakı "Böyük Dəbilqə"si ilin təqvimində sondan əvvəlki analoji yarışdır. Sonuncu "Böyük Dəbilqə" 3-4 dekabrda Tokioda keçiriləcək.