Azərbaycan cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən U-23 Avropa çempionatının fərdi yarışında çıxışını başa vurub.
Fanat.Az xəbər verir ki, qitə birinciliyinin ikinci günündə ölkənin daha 5 cüdoçusu mübarizəyə qoşulub.
İdmançılardan üçü - Məhərrəm İmamverdiyev (81 kq), İsmayıl Zamanov (90 kq) və Ruslan Nəsirli (100 kq) bürünc medal uğrunda həlledici görüşə qatılsa da, onların hamısı öz rəqiblərinə uduzaraq beşinci yerlə kifayətləniblər.
Beləliklə, Azərbaycan cüdoçuları fərdi yarışı 1 qızıl və 2 gümüş medalla tamamlayıblar. Qızıl medalı Nazir Talıbov (60 kq), gümüş mükafatları isə Kənan İsmayılov (60 kq) və Könül Əliyeva (48 kq) ölkəmizin hesabına yazdırıblar.
Qeyd edək ki, sabah AÇ-də komanda yarışı baş tutacaq. Azərbaycan millisi təsnifatda Ukrayna kollektivi ilə üz-üzə gələcək.