Azərbaycanın 23 yaşadək cüdoçulardan ibarət millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında Ukrayna kollektivi ilə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, görüş təsnifat mərhələsi çərçivəsində baş tutub.
Yığmamızın heyətində Aydan Vəliyeva (57 kq), Rəşid Məmmədəliyev (73 kq) və Məhərrəm İmamverdiyev (90 kq) qarşılaşmalarını qələbə, Nərmin Əmirli (+70 kq), Ruslan Nəsirli (+90 kq) və Südabə Ağayeva (70 kq) məğlubiyyətlə başa vurub. Hesab bərabər olduğundan, reqlamentə əsasən, püşkatma ilə çəki dərəcələrinin birində əlavə görüş təyin olunub. Ruslan Nəsirli növbəti dəfə rəqibinə yenilib və nəticədə, millimiz görüşü 3:4 hesablı məğlubiyyətlə başa vurub.
Beləliklə, Azərbaycan komandası yarışda mübarizəni dayandırıb.
Qeyd edək ki, qitə birinciliyinə 14 nəfərlik heyətlə yollanan Azərbaycan millisi fərdi yarışı 1 qızıl, 2 gümüş medalla başa vurub.