"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Sabah"a 1:2 hesabı ilə uduzduqları qarşılaşmadan - Misli Premyer Liqasının XII tur oyunundan sonra ənənəvi mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, 42 yaşlı mütəxəssis belə danışıb:
"Matçın ağır olacağını bilirdik. Rəqib iddialıdır. Oyunun dinamikası yüksək idi. Belə məğlubiyyət ağırdır. Bunlar bizi daha güclü etməlidir. Bəziləri komandanın daxilində nəsə baş verdiyini düşünür. Xal itiriləndə düşünürlər ki, fiziki durum yaxşı deyil. Komanda daxilində hər şey qaydasındadır, yüksək motivasiyamız var. İlk dəqiqələrdən də istəkli idik. Mənim düşüncəmdə "qara zolaq" anlayışı yoxdur. Bir qələbədən sonra heç kim bu barədə danışmır.
Hakim idarəçiliyi haqda da fikirlərimi bildirəcəyəm. Mənim gördüyümə əsasən Elvin Camalov ikinci sarı vərəqə almalı idi. “Sabah”ın qələbəsinə kölgə salmaq istəmirəm. Ancaq hakimlər ilk qarşılaşmada da, bu dəfə də fərqli reaksiya verdilər. Qırılma nöqtəsi həmin epizod idi. Bundan əvvəlki üç oyunda xal itirməyimiz gərginlik yaratmayıbsa, deməli komandanı bundan uzaq saxlamağa çalışırıq. Düşünmürəm ki, bu matçı uduzmağımızın növbəti oyuna təsiri olacaq”.