Misli Premyer Liqasında XII turun görüşləri keçirilib.
Tanınmış futbol mütəxəssisi Aslan Kərimov Fanat.Az-a açıqlamasında arxada qalan turun görüşlərini şərh edib:
"Turan - Tovuz" - "Sumqayıt" 1:0
XII tura "Turan Tovuz"un "Sumqayıt"ı qəbul etməsi ilə start verildi. Komandalar aşağı-yuxarı eyni gücə malikdir. Bu baxımdan gərgin oyun izləyə bildik. Nəticə etibarı ilə "Turan Tovuz" qalib gəldi. Düşünürəm ki, onların qalib gəlməklərinin səbəblərindən biri Tovuz təmsilçisinin son turlarda yaxşı çıxış etməsi, klubda ab-havanın yaxşı olmasıdır. Bundan əlavə, doğru məşqçi işi də aşkar görünür. Düşünürəm ki, bu baxımdan "Sumqayıt" üzərində qaləbəyə layiq idilər.
"Sumqayıt"dan isə bu gün nəsə gözləmək doğru olmaz. Samir Abasovun oyun üslubuna bələd olan insanam. Matça baxanda gördüm ki, Samirin düzülüşü və oyun üslubu var, amma onu icra edənlər Abasovun düşüncələrini yerinə yetirə bilmirdi. Top cinahdan mərkəz hücumçusuna getdikdən sonra onu yenidən cinahlara yönləndirməlidirlər. Bu, Samirə xas olan oyun üslubudur. Futbolçular isə tamam fərqli qərarlar verirdilər. Belə olduğu halda isə, Samirin oyunu başqa məcrada getmiş olur. Məncə, Samir Abasov qış transfer pəncərəsində istədiyi futbolçuları komandaya cəlb edəcək. Bundan sonra isə daha əvvəl gördüyümüz Samir Abasov futbolunun şahidi ola bilərik. Komandada bəzi futbolçular can yandırır, amma elələri də var ki, performans göstərə bilmir.
"Kəpəz" - Səbail" 3:0
"Kəpəz"in oyununa keçmək istərdim. Gəncəlilər öz meydanlarında möhtəşəm oyun sərgilədilər. Bunu görüb demək üçün futbol mütəxəssisi olmaq lazım deyil. "Kəpəz"in zəif və ya güclü olmasından asılı olmayaraq, oyun Gəncədə keçirilirsə, yerli azarkeşlərin basqısı rəqibə çətinlik yaradır. Görüşün gedişatına da baxası olsaq, komanda elə ilk dəqiqələrdən hücuma atılır, qol imkanları yaratmağa çalışır və rəqibi təzyiq altında saxlamağa can atırdı. Belə bir təzyiqlə üzləşən "Səbail"in oyunçusu qırmızı vərəqə ilə cəzalandırıldı. Belə olacağı halda isə əlbəttə ki, Bayıl təmsilçisi "Kəpəz"ə qarşı istədiyinə nail ola bilməyəcəkdi.
Məşqçi işi haqda danışası olsaq, "Kəpəz"də çalarları hiss olunsa da, tam olaraq Tərlan Əhmədovun işini görmək üçün tezdir. Qısa zaman kəsiyində mövsümüm ortalarında komandanı götürüb öz fikrini tam olaraq aşılaması mümkün deyil. Burda yalnız kiçik düzəlişləri görə bilərik. Elə "Sumqayıt"a da bunu şamil etmək olar. Çalışdırıcının oyun üslubunu komandaya gətirmək üçün bəlli bir müddət tələb olunur. Tərlanın AZAL və "Neftçi"dəki çıxışına baxsaq görərik ki, bu, tamamilə fərqli idi. O, komandaya uyğun iş görür və onu çempionata hazırlayır. Məsələn, "Neftçi"də hücumameylli oyun qururdusa, AZAL-da müdafiəyə meyilli, əzmkar və əks-hücumlara güvənən komanda yaratmışdı. Fikrimcə, "Kəpəz" də həmin üslubda oynayan komanda kimi görsənəcək. Ev oyunuda "Səbail", "Şamaxı" kimi komandalara qarşı çox güman ki, daha öndə oynayan kollektiv formalaşdıracaq. Nisbətən güclü komanalara qarşı isə arxadan çıxış edərək əks-hücumlara bel bağlayacaq. Məncə, Tərlan Əhmədovun da komandasını qış fasiləsində sonra açıq-aydın görmək mümkün olacaq.
"Səbail" bu oyunda artıq 4-cü qırmızı vərəqəsini aldı. Bu nəyin göstəricisi ola bilər? Komandada nizam-intizamın qaydasında olmadığını deyə bilmərəm. Bəlkə də oyunçuların daha mübariz olduğunun göstəricisidir. Oyuna baxanda müşahidə etmək olur ki, futbolçular baş məşqçi Mahmud Qurbanovun verdiyi tapşırıqları yerinə yetirməyə çalışırlar, ən azı buna cəhd edirlər. Onu da qeyd etməliyəm ki, qırmızı vərəqələr və kobud səhvlərlə aqressivliyin sərhəddini keçmiş olurlar. Oyunçularda belə hallar tez-tez baş verir. Bəzən çalışdırıcılar futbolçulardan aqressivlik tələb edir, amma ikili mübarizələrdə oyunçularda bunun həddini saxlamaq çətin olur. VAR sisteminin mövcud olduğu bir dönəmdə belə hallara daha diqqətlə baxılır və sarılar qırmızıya çevrilir. Bu oyundan sonra "Səbail" haqda danışmaq çox da düzgün deyil. Bir nəfər azlıqda qalaraq məğlub olmaları normaldır.
"Zirə" - "Neftçi" 0:3
Turun maraqlı oyunlarından biri kimi "Zirə" və "Neftçi"nin qarşılaşması kimi dəyərləndirilirdi. Əslində "Zirə"nin bu mövsümki oyunları enişli-yoxuşludur. Bəzi matçlardan üstün tərəf olur, digərlərində aşağı. Belə bir gedişdə "Neftçi"ilə necə oynayacaqları böyük maraq kəsb edirdi. Düşünürəm ki, "Zirə"nin bu gün "Neftçi", "Sabah" və "Qarabağ"la mübarizə aparması çətindir. Büdcə və oyunçuların keyfiyyəti baxımından komanda açıq-aşkar geridə qalır. Baş məşqçi olaraq nə qədər də dəyişik oyun üslubu və fərqli gedişlər düşünəsi olsan, istər-istəməz nəticə etibarı ilə hər şeyi həll edən keyfiyyətdir. Bu baxımdan "Zirə" - "Neftçi" qarşılaşmasının yekun nəticəsi sürpriz olmadı. Düzdür, hesab baxımından 0:3 olmalı deyildi. Belə oyunlarda futbolçular oyunun gedişatında yaxşı çıxış etdikdə, səhv buraxmadıqda daha motivasiyalı olurlar. Belə komanda üçün ilk dəqiqələrdə kobud səhv ucbatından qol buraxırsansa, onun ardını gətirmək çətin olur. "Neftçi" isə oyunda əlinə düşən bütün imkanlardan yararlana bildi.
Baqamolskinin qol vurduğuna görə "Neftçi" qurban kəsməli olacaq. Klubun hücumçudan nə gözlədiyini bilmirəm. Çempionat ərzində az sayda oyun vaxtı alıb. Amma əsas heyətdə aldığı şansı yaxşı dəyərləndirə bildı. Rəqib komandanın buraxdığı səhvdən də olsa öz qolunu vura bildi. Hər halda "Neftçi" də növbəti qələbəsini qazandı. Düşünürəm ki, turnir cədvəlində bütün "daşlar" öz yerini tapır. Mövsümün əvvəlində bəzi komandaların dağınıq olaraq yerləşdiyini görürdüksə, qış fasiləsinə yaxın onlar turnir cədvəlində öz yerlərinə düşür.
"Şamaxı" - "Qarabağ" 0:4
"Qarabağ"ın onsuzda istənilən heyətlə "Şamaxı"ya qalib gələcəyi şübhə doğurmurdu. Oyunda sevindirici məqamlardan biri də o idi ki, tribunalar dolmuşdu. Azarkeşlər həm də "Qarabağ"ın oyununu izləməyə gəlmişdi. "Şamaxı" əslində pis çıxış etmədi. Meydan sahibinin oyun üslubuna baxası olsaq, 12-ci tura qədər onların mübarizlikləri, bəlii bir strukturları var. Arxada oyun qurarkən nə etmək istədikləri bilinir. "Qarabağ"a qarşı da onların taktikası məlum idi. Müdafiəni möhkəmlədib xoşbəxtliyi əks-hücumlarda axtarırdılar. Yenə qeyd edim, hətta "Qarabağ"a qarşı belə topu ələ keçirib əks-hücum yarada bilirdilər. Onlar bir neçə komandaya qarşı belə çıxışla yadda qalıblar. Sadəcə olaraq bunu irəlidə reallaşdırmalı olan futbolçular həddən artıq təcrübəsizdirlər. İstər Kamran olsun və ya digəri. Gəncdilər, Premyer Liqada ilk mövsümdür çıxış edirlər. Ona görə də istər-istəməz səhvlərə yol verirlər. "Şamaxı"nın oyununu analiz edəsi olsaq, istənilən komandaya qarşı hesab 0:0 olarkən əla əks-hücumları olub. 100 faizlik qol şansları yarada biliblər. Amma bu vəziyyətləri qola çevirmək üçün "öldürücü" futbolçu olmalısan ki, "Şamaxıda" da bu yoxdur. Əgər gənclərdən ibarət olan komanda çempionatda uğur qazanmaq istəyirsə, bu zaman heyətdə bir-iki nəfər həlledici futbolçun olmalıdır.
"Qarabağ"ın oyununda Musa Qurbanlının dubl etməsi sevindirici fakt idi. Bu həm də onun komanda yoldaşlarının dəstəyidir. İstər-istəməz belə bir komandada oynayırsansa, sənə edilən ötürmələr ən ideal paslar olur. Musa da yararn imkanları boşa vermir. Düşünürəm ki, bu mövsüm Musa üçün ən uğurlusu olacaq. Fikrimcə, o, milli komandanın əsas heyətində oynamağa layiq futbolçudur. Əvvəllər Musa və Ovusu arasında müqayisə aparanda düşünürdük ki, Qurbanlı ehtiyat oyunçu olaraq "Qarabağ"ı gücləndirə bilər. Amma bu gün biz görürük ki, onun qol vurmaq hissiyatı artır. Baxmayaraq ki, söhbət daxili çempionatdan gedir, onun qol duyumu inkişaf edir. Oyunu oxuması, düzgün mövqe seçməsi təcrübə topladığını göstərir. Mənə elə gəlir ki, milli komandada əsas heyət oyunçusu ola bilər. Ən azı Musa Renatdan daha yüksək oyun nümayiş etdirir. Azərbaycan yığmasının heyətində bu mövqedə artıq Renat və Musa arasında rəqabət olacaq. Çalışdırıcılar kimi əsas heyət oyunçusu etməkdə çətinlik çəkəcəklər.
"Sabah" - "Qəbələ" 2:1
"Sabah" və "Qəbələ" oyunu da maraqlı qarşılaşma vəd edirdi. Murad Musayevin yetirmələri son qarşılaşmalarda mübariz oyun nümayiş etdirirlər. Son dəqiqələrdə vurulan qolları var və bu oyun da istisna olmadı. "Qəbələ" isə tanıdığımız komandadır. Stabil oyun nümayiş etdirirlər və lazım olan anlarda fərqlənə də bilirlər. Amma üstünlüyü saxlamaq üçün, yenə də deməliyik ki, "Qəbələ"də yaxşı ehtiyat oyunçular skamyası olmalıdır. Meydana sonradan daxil olan ən azı dəyişdiyi futbolçu qədər keyfiyyətli olmalıdır. Heç olmasa bir-iki belə futbolçu olmalıdır ki, komandanın oyununu gücləndirə bilsin. Məsələn, Utziqin yerinə Omar Hani daxil oldu, amma onun başqa özəllikləri var. Utziqin əvəzini vermək "Qəbələ"də olduqca çətindir. O, topu özündə saxlamağı bacaran futbolçudur. Rəqibin təzyiqinə davam gətirən oyunçudur. Belə bir forvardın meydandan çıxması "Qəbələ"nin hücum potensialına öz təsirini göstərdi. "Sabah" isə belə bir halda heyətindəki futbolçuların hesabına oyunda dominant oldu. Mikels ötən mövsüm vurduğu qollarla o qədər də parlamasa, bu il əlinə düşən bütün imkanlardan istifadə etməyi bacarır.
Məğlubiyyətdə "Qəbələ" futbolçularının da xüsusi səhvləri oldu. Sonuncu qolda ötürməni edən oyunçu meydanın mərkəzindən cinahla irəliləyir, amma onu qarşılayav bir futbolçu toxdur. Təzyiq baxımından "Qəbələ"nin futbolçuları heç nə etmədilər. Nəticədə isə qol vuruldu.
Hər halda hər iki komanda bu oyunda yaxşı görsənirdi. İsayevin, Kaşukun çıxışını xüsusi qeyd edərdim. Kaşukun oyunu ümumi komandanın performansını birə-iki artırıb. "Sabah"ın ötən mövsümdə olan uğurunu çox adam yalnız Murad Musayevlə bağlayır. Amma Oleksey Kaşukun komandaya dəvət olunması böyük effekt verdi.
Sonda turnir cədvəlinə nəzər salsaq baxıram ki, "Qarabağ"ın birinci yerdə olmasını demək üçün heç futbol mütəxəssisi olmaq lazım deyil. "Sabah" və "Neftçi" arasında gərgin mübarizə gözlənilirdi. Göründüyü kimi Masazır təmsilçisi bir addım öndədir. Düzdür, çempionatın sonunda çox şey dəyişilə bilər. Biz hazırki vəziyyəti dəyərləndiririk. Hər halda 6 xallıq fərq var. "Neftçi" üçün ikincilik əldə etmək çətin olacaq. "Zirə" də ilk üçlükdəki komandalarla mübarizə aparmaqda çətinlik çəkəcək. Məncə, qeyri-stabil oyunla onlar ən yaxşı yerlərini tutublar - 19 xalla 4-cü pillə. "Qəbələ"nin heyətinin kasad olması onların turnir cədvəlində bu yerə gətirib çıxarıb. "Turan Tovuz" sözün yaxşı mənasında hamını təəccübləndirir. Onlar layiqli olaraq 6-cı yerdədir. "Səbail" isə çempionata yaxşı başladı, amma qırmızı vərəqələr, autsayderlərə xal itirmələri onları gətirib 7-ci yerə çıxarıb. "Kəpəz" yavaş-yavaş dirilməyə başlayır. Hesab edirəm ki, qış fasiləsindən sonra "gəncəlilər"i daha yuxarıda görə bilərik. "Şamaxı" barədə çox danışmağa ehtiyac yoxdur, onlar yeni qurulan komandadır. Baxmayaraq ki, yaxşı oyun üslubları var, strukturları var, təcrübəsiz futbolçularla hazırki mübarizədə uzağa gedə bilməyəcəklər. "Sumqayıt" isə quyunun dubundədir. Məşqçi dəyişikliyi, yeni futbolçuların adaptasiya oluna bilməməsi, onları autsayder edir. Samir Abasov görmək istəmədiyi oyunçularla çox şeyə nail ola bilməyəcək. Onun istədiyi futbol olmalıdır ki, qışdan sonra komanda nəyəsə nail ola bilsin. Çox güman ki, komanda sonuncu yerdə qalası deyil.
Emin Şəmsiyev