Almaniyanın "Frayburq" komandasının baş məşqçisi Kristian Ştrayx "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan əvvəl təşkil olunan mətbuat konfransında çıxış edib.
Fanat.Az xəbər verir ki, 57 yaşlı mütəxəssis meydana kimləri buraxacağını açıqlamaq istəməyib:
"Hələ kimin oynaması barədə heç nə demək istəmirəm. Qapıçı mövqeyində də dəyişiklik ola bilər. Azərbaycanda heç vaxt olmamışam. Buraya getdiyim üçün çox sevinirəm. Bakıdakı matçda qalib gəlmək istəyirik".
Ştrayx "Qarabağ" haqqında da xoş fikirlər səsləndirib: "Bu rəqib həmişə yaradıcı həllər tapmağa və hücum futbolu oynamağa çalışır. Baş məşqçiləri 2008-ci ildən oradadır. Bu, son dərəcədə əlamətdar hadisədir".
Qeyd edək ki, noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq.