Azərbaycanın cüdoçusu Səid Mollayi Bakıda keçirilən Böyük Dəbilqə turnirində final qarşılaşmasına çıxıb.
Fanat.Az xəbər verir ki, 81 kq çəki dərəcəsində yer alan idmançı həlledici görüşdə belçikalı Mattias Kasse ilə üz-üzə gəlib.
Rəqibini "vaza-ari" xalı ilə məğlub edən Mollayi yarışın baş mükafatına sahib çıxıb.
Bu, Azərbaycanın turnirdə üçüncü qızıl medalı olub. Daha əvvəl Balabəy Ağayev (60 kq) və Hidayət Heydərov (73 kq) baş mükafata yiyələnib. Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) isə bürünc medal qazanıblar.
***
Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən "Böyük Dəbilqə" turnirində final qarşılaşmasına çıxıb.
Fanat.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı həlledici görüşdə kanadalı Artur Margelidonla üz-üzə gəlib.
Rəqibini "ippon"la məğlub edən Heydərov yarışın baş mükafatına sahib çıxıb.
Bu gün həmçinin 81 kq çəkidə çıxış edən cüdoçumuz Səid Mollayi final görüşünə çıxacaq. Onun rəqibi belçikalı Mattias Kasse olacaq.
Qeyd edək ki, daha əvvəl Balabəy Ağayev (60 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) isə bürünc medal qazanıb.
***
Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqə turnirində finala yüksəlib.
Fanat.Az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən Hidayət Heydərov və 81 kq-da yarışan Səid Mollayi adlarını həlledici mərhələyə yazdırıblar. Heydərov finalın bir addımlığında ispaniyalı Salvador Rokanı, Mollayi isə macarıstanlı Attila Unqvarini yenib.
Hidayət finalda kanadalı Artur Margelidonla, Səid belçikalı Mattias Kasse ilə qarşılaşacaq.
73 kq çəkidəki digər idmançılardan Vüsal Qələndərzadə və Rüstəm Orucov 1/8 finalda, Telman Vəliyev 1/16 finalda məğlub olub.
81 kq-da Elcan Hacıyev və Ömər Rəcəbli 1/16 finalda, Zelim Tçkayev isə 1/8 finalda yenilib.
Qadınların yarışında 63 kq-da Aytac Qardaşxanlı təsəlliverici görüşdə sloveniyalı Andrea Leskiyə uduzub. Eyni çəkidəki Nərgiz Hacıyeva ilk qarşılaşmasından məğlub ayrılıb.
70 kq-da Südabə Ağayeva və Günel Həsənli də məğlub olduqları üçün medal şanslarını itiriblər.
Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal qazanıb. Turnir noyabrın 6-da başa çatacaq