"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Kəpəz"ə 3:1 hesabı ilə qalib gəldikləri matçı - Milsi Premyer Liqasının XIII tur oyununu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, 50 yaşlı çalışdırıcı ənənəvi mətbuat konfransında belə danışıb:
"Futbolçularımızda yorğunluq hiss olunur. Matç gərgin keçdi. Yorğunluğa baxmayaraq, oyunçular sonadək ayaq üstə dayana bildilər, qələbə üçün çalışdılar. Tərlan Əhmədov maraqlı komanda formalaşdırıb. Öz oyun üslubu var, rəqibdən çəkinmirlər. Onlara uğurlar arzulayıram, futbolçularımı təbrik edirəm".
Hakim idarəçiliyinə münasibət bildirmək istəmədiyini deyən Qurbanov istirahətə ehtiyac olduğunu söyləyib: "Əsas futbolçular istirahət etsin, biz birtəhər yoluna qoyarıq. Yorğunluq, gərginlik olur. Məşqçi yorğunluğu tam başqadır. Düşüncələr də çoxdur. Yazılar, müsahibələr oxuyuram, diskussiyalar olur. Mənim üçün xoşdur. Təki belə yorğunluq olsun və hər şey yaxşılığa doğru getsin. Azarkeşin razı qalması, komandanın yaxşı oynaması mənim istirahətimdir".
O, XIV turda "Sabah"a qarşı keçirəcəkləri görüşə də toxunub: "Çox istərdim ki, hər iki komanda ən yaxşı formasında olsun və baxımlı, sürətli oyun alınsın. Ən gərgin və vacib dönəmdəyik. Oyunlar nə qədər yorursa, səfərlər daha ağırdır. Tovuz səfəri də asan deyil. Dözməliyik. Futbolçular bunu qəbul etməlidirlər. İstəklərimizdən əl çəkməyəcəyik. Narahatlığım var. Çalışıb düzgün qərar verməyə çalışacağıq".