Beynəlxalq Cüdo Federasiyası (IJF) 4-6 noyabrda Bakıda keçirilən “Böyük Dəbilqə” turnirindən sonra yeni reytinq siyahısını dərc edib.
Fanat.Az xəbər verir ki, Azərbaycan cüdoçularının bir neçəsi mövqeyini yaxşılaşdırıb. Yarışın qızıl medalçılarından ən böyük irəliləyişə Balabəy Ağayev (60 kq) nail olub. 24 yaşlı idmançı 11 pillə irəliləyərək 7-ci yerə yüksəlib.
Yarışın digər qalibi Hidayət Heydərov (73 kq) əvvəlki kimi üçüncüdürsə, Azərbaycan bayrağı altında ilk qızıl medalını qazanan Səid Mollayi (81 kq) mövqeyini dörd pillə yaxşılaşdıraraq ilk "3-lüy"ə daxil olub.
Nəhayət, 100 kq-da baş mükafata sahib çıxan Zelim Kotsoyev (100 kq) dörd pilləlik irəliləyişlə dördüncü sıraya qalxıb.
60 kq-da bürünc medalçı Kəramət Hüseynov 6 pilləlik sıçrayışla 10-cu sırada qərarlaşıb. Digər bürünc mükafatçı Orxan Səfərov (66 kq) isə 9-cu pillədə qalıb.
90 kiloqramda beşinci olan Məmmədəli Mehdiyev də əvvəlki mövqeyindədir - 4-cü yer.