"Qarabağ" UEFA Konfrans Liqasının 1/16 final mərhələsində Belçikanın "Gent" klubu ilə qarşılaşacaq.
Fanat.Az "köhlən atlar"ın KL-in pley-offundakı rəqibi haqda bəzi vacib məlumatları təqdim edir:
"Gent" Belçikada eyniadlı şəhəri təmsil edən peşəkar futbol klubudur. 1989/90-cı illər mövsümündən elitada oynayır. Komanda üç dəfə Belçika Kubokunun qalibi adını qazanıb (1963/64, 1983/84, 2009/10) və bir dəfə ölkə çempionluğunu bayram edib (2014/15).
1864-cü ildə gimnastikanı təbliğ etmək üçün "Société Gymnastique la Gantoise" adlı bir assosiasiya təsis olunub. Həmin assosiasiyanın tərkibində də “KAA Gent” (Gent Kral İdman Akademiyası) klubu yaradılıb.
Komanda ev oyunlarını 2013-cü ildə tikilmiş, 20 min tamaşaçı tutumuna malik "Gelamco Arena"da keçirir. "Gent"in əsas rəngləri ağ və göydür. Klubun ləqəbi "camışlar"dır.
Hazırda komanda Belçika çempionatında 26 xala malikdir və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. "Gent" Jüpiler Liqada son 10 oyununda 4 dəfə məğlub olub, 5 qələbə qazanıb, cəmi bir dəfə heç-heçə edib.
UEFA Konfrans Liqasının F qrupunda mübarizə aparan "camışlar" mərhələni 8 xalla ikinci yerdə başa vurub. Qrupda "Curqardens", "Molde" və "Şemrok Rovers"lə mübarizə aparan belçikalılar 2 dəfə heç heçə edib, 2 dəfə qələbə qazanıb və 2 dəfə yenilgi acısı dadıb.
Komanda UEFA-nın reqytinq cədvəlində 38-ci yerdə qərarlaşıb. Məlumat üçün qeyd edək ki, "Qarabağ" bu sıralamada 61-ci pillədədir.
"Gent"in belçikalı baş məşqçisi Heyn Vanhazebruk 2020-ci ildən indiki postundadır. Həmin vaxtdan bəri Vanhazebrukun bu klubla heç bir nailiyyəti olmayıb. Daha əvvəl, 2014/15-ci illər mövsümündə isə o, "Gent"ə yeganə Belçika çempionluğunu qazandırıb.
Cari mövsüm göstərir ki, komanda bütün turnirlərdə əsasən 3-5-2 taktiki sxemi ilə çıxış edir. Rəqibdən asılı olaraq komandanın cinah oyunçuları eyni zamanda həm hücuma həm də müdafiəyə köməklik göstərir. "Camışlar"ın universal futbolçuları da var. Məsələn, "Molde"yə qarşı KL oyununda İbrahim Salah müdafiəçi mövqeyində çıxış edib. 3 gün sonra ölkə çempionatında "Brugge"ilə matçda həmin futbolçu forvard qismində meydana çıxıb.
UEFA Konfrans liqasında "Gent" 10 dəfə rəqib qapılarına yol tapıb, 6 dəfə topu tordan çıxarmalı olub.
"Sofascore" saytının əmsalına əsasən, 2021/22-ci illər mövsümündə UEFA Konfrans Liqasında komandanın ən yüksək reytinqinə malik olan futbolçuları:
Cozef Okumu (müdafiəçi) - 7.42
Sven Kums (yarımmüdafiəçi) - 7.38
Bruno Godeu (müdafiəçi) - 7.38
Malik Fofana (hücumçu) - 7.30
Komandanın ən məhsuldar futbolçusu Uqo Keypersdir. 25 yaşlı belçikalı forvard bu il ölkə çempionatında 9, KL-də isə 3 dəfə fərqlənib.
Xatırladaq ki, tərəflərin ilk oyunu fevralın 16-da Bakıda keçiriləcək. Cavab görüşü isə həmin ayın 23-də Belçikada baş tutacaq.
Emin Şəmsiyev