Kişi voleybolçulardan ibarət "Murov" klubu Çağırış Kubokunda bu gün növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçi olduğu komanda 1/16 finalın cavab qarşılaşması çərçivəsində Bakı Voleybol Mərkəzində Avstriyanın “UVC Qrats” kollektivi ilə üz-üzə gəlib. Matç təmsilçimizin 3:0 (25:13, 25:12, 25:23) hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, hər iki görüşdə rəqibini "quru hesab"la yenən Azərbaycan çempionu adını növbəti mərhələyə yazdırıb.
Komandamız 1/8 finalda "Stroosen" (Lüksemburq) - "Orion" (Niderland) cütündə üstün olan tərəflə münasibətləri aydınlaşdıracaq. Sözügedən komandalar arasında ilk matç bu gün, cavab qarşılaşması isə noyabrın 16-da keçiriləcək.
Qeyd edək ki, 1/32 final mərhələsində Xorvatiyanın "Kitro Varazdin" komandası ilə qarşılaşmış “Murov” hər iki matçda qalib gəlib - 3:0 (25:19, 25:18, 25:20) və 3:1 (23:25; 25:18; 25:20; 25:17).