Bu gün Misli Premyer Liqasının 14-cü turu çərçivəsində "Kəpəz" doğma meydanında "Turan Tovuz"u qəbul edəcək.
Fanat.Az olaraq Qərb derbisi öncəsi hər iki komandanın azarkeşləri ilə əlaqə saxlayıb oyuna necə hazırlaşdıqlarını öyrəndik.
"Kəpəz"in "Xəmsə" fanklubunun rəhbəri Müşviq Məmmədov:
"Turan"la oyuna xüsusi nəsə hazırlıq getmir. Həmişəki kimi gedib azarkeşliyimizi edəcəyik. Bu oyundan ancaq qələbə gözləyirik, çünki arxada itirilmiş xeyli xallar var. Tərlan Əhmədov gəlməmişdən komandada ruh belə yox idi. O gələndən sonra ən azından uşaqlara inam qayıdıb. Nəticə və yaxud yaxşı oyun varsa, Gəncə azarkeşləri də razı olacaq".
"Turan Tovuz"un azarkeşi Kamal Saqqayev:
"Həmişəki kimi, Qərb derbisinə xüsusi hazırlaşırıq. Bildiyiniz kimi, komanda uzun fasilədən sonra Premyer Liqaya qayıdıb. Sağ olsun Ayxan müəllim, komandanı bir araya gətirməyi bacarıb. Zədəli oyunçularımız var idi. Şükürlər olsun ki, sağalıblar. Gəncəyə gedəcək azarkeşlərin sayı 100-dən çoxdur. Amma bu rəqəmin artacağı gözlənilir. Həmişə olduğu kimi, komandamızın yanındayıq. Kluba əlimizdən gələn dəstəyi verməyə hazırıq. İnşallah, Gəncədən yaxşı nəticə ilə qayıdarıq".
Xatırladaq ki, oyun saat 14:30-da başlayacaq.
Emin Şəmsiyev