Misli Premyer Liqasının XIV turunda "Qəbələ" səfərdə "Neftçi"yə 0:2 hesabı ilə məğlub olub.
Fanat.Az xəbər verir ki, əyalət təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında yenilgini şərh edib:
"Neftçi" iddialı komandadır. Uduzsaq da, istədiyim komandanı, dinamikanı gördüm. Bu tempdə davam etsək, daha da yaxşı olacağıq. Qol buraxırıqsa, burada tək Ruan Renatonun günahı yoxdur. Hər şey qaydasındadır. Sadəcə, ötən mövsüm uğurlu seriyamız olduğu üçün oyunu ön plana çıxırdı. Ona güvənirəm".
"Qəbələ"ni "Şamaxı" ilə müqayisə etmək istəmirəm. Onların öz məqsədi var. Yerli futbolçuları inkişaf etdirməklə məşğuldurlar. Bizdə də gənc oyunçular var. Amma komandanı yerli və əcnəbiyə bölmürük. Kim xeyir verirsə, ona güvənirik. Bu gün Felipe Santos, Murad Musayev və Rafael Utziqin də epizodları oldu. Tək Haniyə görə uduzmadıq. Axsadığımız nöqtələr var. Çatışmazlıqları aradan qaldırmağa çalışacağıq.
Oyunçular tapşırıqları yerinə yetirir. Futbolçularımdan razıyam. İnanıram ki, özlərini yenidən sübut edəcəklər. Hər oyun ağırdır. Bütün rəqiblərə qarşı maksimum köklənmə ilə oynayırıq".
Baş məşqçi Səlahət Ağayevin ikinci qolda buraxdığı səhvə də toxunub: "Onun səviyyəsi hamıya məlumdur. Bir səhvə görə kimisə qınamaq olmaz. Yaxşı qapıçıdır, komandanın liderlərindən biridir. Ələ düşən imkanları dəyərlənirməyəndə qapınızda belə qollar görəcəksiniz".