Misli Premyer Liqasının XIV turunda "Sumqayıt"la oyunda zədələnən "Şamaxı"nın müdafiəçisi Adil Nağıyevin qaşına tikiş qoyulub.
Futbolçunun vəziyyətini öyrənmək üçün özü ilə əlaqə saxladıq.
Fanat.Az-a danışan futbolçu kubok matçını buraxacağını bildirib: "Qaşıma 6 tikiş vurdular. Hazırda komanda ilə məşq etsəm də, ehtiyatlı davranıram. Həkimlər oynamağa icazə vermir. Çox güman ki, kubok oyununu buraxmalı olacağam".
Qeyd edək ki, son iki turda səfərdə "Turan Tovuz"a (3:1) və evdə "Sumqayıt"a (4:2) qalib gələn "Şamaxı" qərb təmsilçisi ilə kubokun 1/8 finalında yenidən qarşılaşacaq. Bir qarşılaşmadan ibarət mərhələnin görüşü noyabrın 22-də Şamaxıda baş tutacaq.
Röya