“Şamaxı” ötən ayın sonunda gənc futbolçusu Pərviz Azadovla müqaviləyə qarşılıqlı razılıqla xitam verdi. Xüsusilə ötən mövsüm Premyer Liqada özünü göstərən və böyük potensial vəd edən yarımmüdafiəçi hazırda klubsuzdur. Bu mövsüm yalnız yerli oyunçuların xidmətindən yararlanan klubun öz yetirməsinə "qapını göstərməsi" isə səbəbsiz deyil. Azadov zədədən əziyyət çəkir və hazırda ölkə xaricində müalicə olunur.
Bu haqda Fanat.Az-a gənc futbolçu özü məlumat verib: "Şamaxı" haqqında danışmaq istəmirəm. Əslində, hələ yayda ayrılmaq istəyirdim. Sadəcə, onda razılıq verməmişdilər. Ancaq sonra zədələndim. Bu səbəbdən məşqlərdən kənarda qaldım. Bundan sonra Cavid Hüseynovla danışdım və bu dəfə getməyimə qarşı çıxmadı. Ona görə də yolları qarşılıqlı razılıq əsasında ayırdıq.
Məşqdə belimdən zədə almışdım. Hazırda Türkiyədəyəm, iki həftədir burdayam. Müalicəm uğurla davam edir. Əməliyyata ehtiyac olmadı. İnşallah, bir həftəyə müalicəmi başa vurub Bakıya qayıdacağam. Həkimlər dərhal məşqlərə başlaya biləcəyimi deyirlər. Yəqin ki qışa qədər fərdi qaydada həm hazırlaşacaq, həm də bərpa olunacağam. Qışda isə yəqin özümə klub taparam. Açığı, hələ hansısa klubdan ciddi maraqlanan olmayıb".
Mirağa