Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının final mərhələsində növbəti görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster VI turda Niderland təmsilçisi Aniş Giri ilə üz-üzə gəlib. İlk partiyada rəqibindən üstün olan Şəhriyar ardınca heç-heçəyə razılaşıb. Üçüncü partiyada yenidən qalib gələn "Şah" yekun hesabı müəyyənləşdirib - 2,5:0,5.
İlk turda hindistanlı Rameşbabu Praqqnanandhanı yenən Məmmədyarov növbəti görüşlərində, müvafiq olaraq, polşalı Yan-Kşiştof Dudaya, norveçli dünya çempionu Maqnus Karlsenə, Arjun Eriqaysiyə (Hindistan) və Uesli Soya (ABŞ) uduzub.
Qələbə sayəsində təmsilçimiz sonuncu pillədən qurtulub. O, hazırda 6 xalla turnir cədvəlində 6-cı yerdə qərarlaşıb.
Məmmədyarov bu gün keçiriləcək sonuncu turda vyetnamlı Le Kuanq Liemlə münasibətləri aydınlaşdıracaq.
Qeyd edək ki, yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır. Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub.