Şahmat üzrə kişilərdən ibarət Azərbaycan millisi İsraildə təşkil olunan komandalararası dünya çempionatında növbəti oyunlarını keçirib.
Fanat.Az xəbər verir ki, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma B qrupunun III turunda Hindistan seçməsi ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə başa çatıb - 2,5:1,5.
IV turda isə Polşa ilə qarşılaşan Azərbaycan yığması "sülh"ə razılaşıb - 2:2.
Yığma ötən gün Özbəkistanı 2,5:1,5, ABŞ-ı isə 3:1 hesabı ilə üstələyib. Azərbaycan millisi hazırda 5 xalla B qrupunda 2-ci pillədə qərarlaşıb.
Millimiz qrupda son oyununu sabah İsrail kollektivinə qarşı keçirəcək.
Qeyd edək ki, qruplarda ilk dörd yeri tutan komandalar 1/4 finala yüksələcək. Dünya çempionatına noyabrın 25-də yekun vurulacaq.