Azərbaycan cüdoçuları Rüstəm Orucov və Səid Mollayinin yer aldığı Serbiyanın "Srvena Zvezda" klubu Gürcüstanın Qori şəhərində keçirilən klublar arasında Avropa Çempionlar Liqası turnirində final görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, kollektiv həlledici mərhələdə Gürcüstanın "Fighter" klubu ilə qarşılaşıb.
Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin üzvlərindən R.Orucov (73 kq) qələbə qazanıb, S.Mollayi (81 kq) məğlub olub.
Beləliklə, cüdoçularımız yarışın gümüş mükafatına sahib çıxıblar.
***
Azərbaycan cüdoçuları Rüstəm Orucov və Səid Mollayinin yer aldığı Serbiyanın "Srvena Zvezda" klubu Gürcüstanın Qori şəhərində keçirilən klublar arasında Avropa Çempionlar Liqası turnirində finala yüksəlib.
Fanat.Az xəbər verir ki, kollektiv ilk mərhələdə Gürcüstanın "Area" klubunu 4:1, ardınca isə Fransanın "SGS" komandasını 5:0 hesabıyla yenib.
Hər iki görüşdə tatamiyə çıxan Səid Mollayi (81 kq) rəqiblərinə qalib gəlib. Yalnız ilk qarşılaşmada iştirak edən Orucov (73 kq) isə dueldən məğlub ayrılıb.
"Srvena Zvezda" həlledici görüşdə yerli "Fighter" klubu ilə üz-üzə gələcək. Hər iki cüdoçumuzun adı final üçün heyətə daxil edilib.
Orxan Səfərov (66 kq) və Hidayət Heydərovun (73 kq) çıxış etdiyi Yunanıstanın "Aris" klubu isə startda Fransanın "SGS" kollektivinə, təsəlliverici qarşılaşmada isə Gürcüstanın "Area" komandasına eyni hesabla uduzub - 2:3. Hər iki qarşılaşmada qələbələri Azərbaycan cüdoçuları qazanıb.
Qeyd edək ki, kişilərin yarışına 8 klub qatılıb.