Misli Premyer Liqasının XV turunda "Şamaxı" "Kəpəz"i qəbul edib.
Fanat.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Vüqar Əsgərli 1:1 hesablı heç-heçəni dəyərləndirib:
"Matç gözlədiyimizdən də çətin keçdi. "Kəpəz" bizimlə oyuna qədərki turlarda yaxşı çıxış edirdi. Biz özümüz də çempionatda iki oyun idi qalib gəlirdik. Uğurlu seriyanın davamını gətirmək niyyətindəydik. Təəssüflər olsun ki, alınmadı.
Futbolçularımız əzmkarlıq göstərdi. İlk 20 dəqiqəni çıxmaq şərtilə, çox yaxşı oynadılar. Onlara təşəkkürümü bildirirəm. Ən yaxşısını etdilər və ən yaxşısına da layiqdirlər. Özləri də bilir ki, birlikdə yaxşı işlər görə bilərik. Qarşıdakı turlarda "Kəpəz"ə uğurlar arzulayıram. Biz də önümüzə baxırıq, növbəti tura hazırlaşacağıq".