“Şamaxı” qış təlim-məşq toplanışını ölkə xaricində keçirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə klub açıqlama yayıb:
"Şamaxı" Premyer Liqanın ikinci dövrəsində uğurlu çıxışını davam etdirir. Təsadüfi deyil ki, komanda Premyer Liqanın 2-ci dövrədəki 6 oyundan 2-də qələbə qazanıb, 3 matçda heç-heçə edib və yalnız ölkə çempionu “Qarabağ”a məğlub olub. Klub rəhbərliyi və məşqçilər heyətinin birlikdə qarşıya qoyduqları məqsəd gənc və təcrübəli yerli futbolçulara şans vermək, Azərbaycan futboluna yeni adlar qazandırmaqdır. Geridə qalan müddət ərzində heyətimizdə bir neçə futbolçu artıq öz adından söz etdirməyi bacarıb. Qış fasiləsində komandaya gənc və təcrübəli yerli futbolçuların cəlb edilməsi istiqamətində də axtarışlarımız davam edir.
“Şamaxı" qış təlim-məşq toplanışına yanvarın 3-ü start verəcək. Hazırlığın ikinci mərhələsi üçün komandamız yanvarın 8-də Antalyaya yollanacaq və “Kamilya Selin” otelində məskunlaşıb yanvarın 19-na kimi məşqlərini orada davam etdirəcək.
Qış təlim-məşq toplanışında 4 yoxlama oyununun keçirilməsi planlaşdırılıb. İlk oyunun yanvarın 11-də Qazaxıstan yüksək liqa təmsilçisi "Kaysar"la keçirilməsi razılaşdırılıb.
Digər 3 oyunun keçirilmə tarixi və rəqiblərin dəqiqləşdirilməsi ilə əlaqədar danışıqlar davam etdirilir".