İtaliyalı avarçəkən Cakomo Perini Paris Paralimpiya Oyunlarında qazandığı bürünc medalı ala bilməyəcək.
Fanat.Az xəbər verir ki, məlumatı İtaliya Avarçəkmə Federasiyası yayıb.
Xəbərə görə, 28 yaşlı Perini PR1 kateqoriyasında finiş xəttini 3-cü pillədə başa vursa da, yarışın sonunda onun qayıqdakı çantasında mobil telefon aşkarlanıb. Qaydalara əsasən, qayıqda rabitə vasitələri saxlamaq yasaqdır.
İtaliya federasiyası Perininin startdan əvvəl cihazı götürməyi unutduğunu və yarış zamanı ondan istifadə etmədiyini bildirib. Hakimlərin qərarından apellyasiya şikayəti verilsə də, təmin edilməyib. İtaliya Avarçəkmə Federasiyası qərardan Beynəlxalq Avarçəkmə Federasiyasına şikayət etməyi planlaşdırır.
Qeyd edək ki, Perinin nəticəsi ləğv edildikdən sonra avstraliyalı Erik Horri bürünc medala sahib olub.