Rumıniyanın paytaxtı Buxarestdə cüdo üzrə yeniyetmələr arasında Avropa kuboku yarışına start verilib.
Fanat.Az xəbər verir ki, turnirin birinci günündə Azərbaycan yığmasının üzvləri 2 qızıl, 1 gümüş, 3 bürünc medal qazanıblar.
Millinin aktivinə qızıl medalları Şahin Oruczadə (55 kq) və Mehdi Cəfərov (66 kq) yazdırıb. Məhəmməd Məmişov (50 kq) gümüş, Məhəmməd Musayev (55 kq), Əbil Yusubov (66 kq), Vüsalə Hacıyeva (52 kq) bürünc medal əldə ediblər. Yığma bu nəticə ilə ümumkomanda hesabında birinci yerdə qərarlaşıb.
Qeyd edək ki, 25 ölkədən 348 (220 oğlan, 128 qız) cüdoçunun qatıldığı yarış iki gün davam edəcək. Azərbaycan Avropa Kubokunda 20 idmançı ilə təmsil olunur.