Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək şahmat üzrə İddiaçılar Turniri tamaşaçıların iştirakı ilə keçiriləcək.
Fanat.Az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyanın (FIDE) prezidenti Arkadi Dvorkoviç mətbuat konfransında bildirib.
FIDE rəsmisinin sözlərinə görə, "Azarkeşlərin turnirə tibbi maska taxmaq və məsafəni qorumaq kimi bəzi təhlükəsizlik tədbirləri altında buraxılmasına qərar verdik. Tamaşaçılar ya peyvənd olunmalı, ya da koronavirus infeksiyası üçün mənfi test nəticəsi təqdim etməlidirlər. İştirakçılar isə, yarışın başlamasından 72 saat əvvəl testdən keçiriləcək".
Qeyd edək ki, İddiaçılar Turniri aprelin 19-da qaldığı yerdən davam edəcək. 2019-cu ildə Dünya Kubokunun qalibi olan Teymur Rəcəbov koronavirusun yayılması səbəbindən bu turnirdən imtina etmişdi.
Rusiyanın Yekaterinburq şəhərindəki turnir 2020-ci martın 26-da yarımçıq dayandırılıb. Buna Rusiya Federasiyası hökumətinin digər ölkələrlə hava əlaqəsinin kəsilməsi barədə qərarı səbəb olub. 8 qrossmeysterin qatıldığı turnirin VIII turdan davam etdiriləcəyi açıqlanıb. 7 turdan sonra fransalı Maksim Vaşye-Laqrav və rusiyalı Yan Nepomnyaşi hərəyə 4 xalla ilk 2 pilləni bölüşür.
Fanat.Az