Belqradda 1-ci Beynəlxalq "Serbia Chess Open 2021" şahmat turniri başa çatıb.
Fanat.az xəbər verir ki, turnirin "Ustalar" yarışında iştirak edən təmsilçilərimizdən ən yaxşı nəticəni 9 turdan hərəyə 7 xal toplayan Ülvi Sadıqov və Misrətdin İsgəndərov göstəriblər. Turnirin qalibi adını qazanan hindistanlı Nihal Sarindən 0,5 xal geri qalan qrossmeysterlərimiz əlavə göstəricilərə görə, müvafiq olaraq 6 və 8-ci yerləri bölüşüblər.
Ülvi son turda qara fiqurlarla serbiyalı Aleksandr İndciç, Misrətdin isə ermənistanlı Robert Hovanesyan üzərində qələbə qazanıb.
Digər təmsilçilərimizdən Eltac Səfərli ilə Vüqar Əsədli 6,5 xalla 13-14-cü yerləri bölüşüblər. 6 xal toplayan Əhməd Əhmədzadə 32-ci, Əhmədlə eyni xala malik Məhəmməd Muradlı 39-cu olub. 5,5 xalla Pərviz Qasımov, Aydın Süleymanlı və Xəzər Babazadə müvafiq olaraq 48, 49 və 57-ci pillədə qərarlaşıblar. 5 xal toplayan Gövhər Beydullayeva 95-ci, 4,5 xal toplayan Riyad Səmədov isə 119-cu olub.
Həvəskarlar yarışında isə təmsilçilərimizin arasında ən yaxşı nəticəni Sadiq Qarayev göstərib. Gənc şahmatçımız son tura qədər mükafatlara iddiasını davam etdirsə də, serbiyalı Miroslav Simonoviçə məğlub olaraq, yekunda 23-cü sırada yer alıb.
Sahib Əsədbəyli