Xorvatiyanın paytaxtı Zaqrebdə "Grand Chess Tour" şahmat seriyasının üçüncü mərhələsinin oyunları davam edir.
Fanat.Az xəbər verir ki, turnirin rapid qarşılaşmalarına yekun vurulub.
Azərbaycanın turnirdə yeganə təmsilçisi Şəhriyar Məmmədyarov bu mərhələnin son üç turunda görüşlərini keçirib. Qrossmeysterimiz əvvəlcə ev sahibi İvan Sariçlə sülhə razılaşıb. Ardınca niderlandlı qrossmeyster Aniş Giri ilə xalı yarı bölən Şəhriyar, son turda qara fiqurlarla Yorden van Forestə qalib gəlib.
Bununla o, 9 xalla 6-cı pillədə qərarlaşıb. 11 xal toplayan rusiyalı Yan Nepomniyaşiy mərhələni birinci sırada tamamlayıb.
Sabah blitz qarşılaşmalarına start veriləcək.
10 qrossmeysterin mübarizə apardığı turnir iyulun 11-də başa çatacaq.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov "Grand Chess Tour" seriyasının birinci mərhələsinin - "Superbet Chess Classic Romania"nın qalibi olub.
Sahib Əsədbəyli