Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün səkkizinci turun görüşləri keçirilib. 10 şahmatçımızdan dördü turu qələbə ilə başa vurub.
Gülnar Məmmədova sloveniyalı Laura Unuku, Ülviyyə Fətəliyeva italiyalı Marina Brunellonu, Xanım Balacayeva ermənistanlı Mariya Gevorqyanı, Xəyalə Abdulla almaniyalı Luiza Başlinanı məğlub edib.
Günay Məmmədzadə Teodora İnjaç (Serbiya), Gövhər Beydullayeva Nino Batsiaşvili (Gürcüstan), Zeynəb Məmmədyarova Anna Qvançeladze (Rusiya), Türkan Məmmədyarova Anna Kubova (Çexiya), Ayan Allahverdiyeva Petronela Parasçiv (Rumıniya) ilə "sülh bağlayıb".
Təmsilçilərimizdən yalnız Nəsrin Babayeva turu xalsız başa vurub. Şahmatçımız fransalı Andrea Navroteskuya yenilib.
Bu nəticələrdən sonra xallarının sayını 6-ya çatdıran Gülnar Məmmədova turnir cədvəlində beşinci pilləyə yüksəlib. Günay Məmmədzadə 5,5 xalla "10-luğ"u qapayır. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Xanım Balacayeva səkkiz turdan 5 xal toplayıb. Zeynəb Məmmədyarova aktivinə 4,5, Türkan Məmmədyarova və Xəyalə Abdullanın 3,5, Nəsrin Babayeva 3, Ayan Allahverdiyeva 2,5 xal yaza bilib.
Yarış cədvəlinə hesabında 7 xal olan ukraynalı Yuliya Osmak başçılıq edir.
Qeyd edək ki, Avropa çempionatına 11 turdan sonra - avqustun 20-də yekun vurulacaq.
Sahib Əsədbəyli