Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün doqquzuncu turun görüşləri keçiriləcək.
Səkkiz turdan 6 xal toplayan və əlavə göstəricələrə görə 5-ci sırada qərarlaşan Gülnar Məmmədova eyni xala sahib digər altı şahmatçıdan biri ukraynalı Nataliya Buksa ilə münasibətlərinə aydınlıq gətirəcək.
Hesabında 5,5 xal olan və "10-luğ"u qapayan Günay Məmmədzadə estoniyalı Mai Narvanın müqavimətini qırmağa çalışacaq.
Xanım Balacayeva Olqa Badelka (Belarus), Gövhər Beydullayeva Tranq Hoanq (Macarıstan), Ülviyyə Fətəliyeva Stavrula Tsulakidu, Xəyalə Abdulla Mariya Makropolu (hər ikisi Yunanıstan), Zeynəb Məmmədyarova Mişel Katkov (İsrail), Türkan Məmmədyarova Frederika Elen Nillsen (Danimarka), Nəsrin Babayeva Jasmin Şloffer (Avstriya), Ayan Allahverdiyeva Luiza Başilina (Almaniya) ilə üz-üzə gələcək.
Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Xanım Balacayeva səkkiz turdan 5 xal toplayıb. Zeynəb Məmmədyarova aktivinə 4,5, Türkan Məmmədyarova və Xəyalə Abdulla 3,5, Nəsrin Babayeva 3, Ayan Allahverdiyeva 2,5 xal yaza bilib.
Yarış cədvəlinə hesabında 7 xal olan ukraynalı Yuliya Osmak başçılıq edir.
Qeyd edək ki, Avropa çempionatına 11 turdan sonra - avqustun 20-də yekun vurulacaq. Yarışın mükafat fondu 60 min avrodur.
Sahib Əsədbəyli