Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün son - 11-ci turun görüşləri keçiriləcək.
10 turdan 7 xal toplayan və əlavə göstəricilərə əsasən turnir cədvəlində 6-cı sırada yer alan Gülnar Məmmədova fransalı Sofi Mile ilə münasibətlərinə aydınlıq gətirəcək. 6,5 xalla 11-ci sırada qərarlaşan Günay Məmmədzadə isə rusiyalı Leya Qarifullinanın müqavimətini qırmağa çalışacaq.
Xanım Balacayeva Aleksandra Maltsevskaya (Rusiya), Gövhər Beydullayeva Nurgül Səlimova (Bolqarıstan), Ülviyyə Fətəliyeva Tranq Hoanq (Macarıstan), Türkan Məmmədyarova Monika Rozman (Sloveniya), Xəyalə Abdulla Aleksandra Tarasenka (Belarus), Zeynəb Məmmədyarova Marina Makropulu (Yunanıstan), Ayan Allahverdiyeva Veronika Kostina (İsveçrə), Nəsrin Babayeva Andrea Nastase (Rumıniya) ilə üz-üzə gələcək.
Son turun qarşılaşmaları Bakı vaxtı ilə 15:00-da başlayacaq.
Gövhər Beydullayeva və Xanım Balacayeva 10 turdan hesabına 6, Ülviyyə Fətəliyeva 5,5, Zeynəb Məmmədyarova, Türkan Məmmədyarova, Xəyalə Abdulla 5, Nəsrin Babayeva ilə Ayan Allahverdiyeva 4 xal yaza bilib.
Turnir cədvəlində ilk üçlük isə belədir:
1.Elina Danielyan (Ermənistan) - 8 xal
2.Yuliya Osmak (Ukrayna) - 8 xal
3.Oliviya Kiolbasa (Polşa) - 7,5 xal
Qeyd edək ki, yarışın mükafat fondu 60 min avrodur.
Sahib Əsədbəyli