Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatına yekun vurulub.
Fanat.Az xəbər verir ki, son - 11-ci turda təmsilçilərimizdən ikisi görüşünü qələbə, altısı heç-heçə, ikisi isə məğlubiyyətlə başa vurub.
Zeynəb Məmmədyarova sloveniyalı Monika Rozmanı, Ayan Allahverdiyeva isveçrəli Veronika Kostinanı yenib.
10 şahmatçımız arasında ən yaxşı göstəriciyə sahib Gülnar Məmmədova sonuncu qarşılaşmada fransalı Sofi Mile ilə münasibətlərinə aydınlıq gətirib. Tərəflər 31-ci gedişdə "sülh bağlayıb".
Ən reytinqli təmsilçimiz Günay Məmmədzadə isə rusiyalı Leya Qarifullina ilə 34-cü gedişdə heç-heçə edib.
Xanım Balacayeva Aleksandra Maltsevskaya (Rusiya), Türkan Məmmədyarova Marina Makropulu (Yunanıstan), Xəyalə Abdulla Aleksandra Tarasenka (Belarus), Nəsrin Babayeva Andrea Nastase (Rumıniya) ilə xalı yarı bölüb.
Ülviyyə Fətəliyeva Tranq Hoanqa (Macarıstan), Gövhər Beydullayeva Nurgül Səlimovaya (Bolqarıstan) uduzub.
Beləliklə, Gülnar Məmmədova 7,5 xalla Avropa çempionatında 117 şahmatçı arasında 6-cı yeri tutub. Hesabında 7 xal olan Günay Məmmədzadə 15-ci nəticə göstərib. Digər təmsilçilərimizdən ən yaxşı göstəriciyə Xanım Balacayeva imza atıb. O, 6,5 xalla 28-ci olub.
Yarışın qalibi 9 xalla ermənistanlı Elina Danielyan olub. Ukrayna şahmatçısı Yuliya Osmak 8,5 xalla gümüş, polşalı Oliviya Kiolbasa 8 xalla bürünc mükafata layiq görülüb.
Qeyd edək ki, qadınlar arasında 21-ci Avropa çempionatının mükafat fondu 60 min avro olub. Nəticələrə əsasən, Gülnar Məmmədova 2600, Günay Məmmədzadə isə 1400 avro qazanıb. Məmmədova həmçinin növbəti Dünya Kuboku yarışına vəsiqə əldə edib.
Sahib Əsədbəyli